
“Luvr” kitabxanasındakı yüzlərlə sənəd su altında qalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə BFMTV telekanalı məılumat yayıb.
Muzeyin müdir müavini Frensis Steynbok bildirib ki, noyabrın 26-da Misir Qədim Əsərlər Departamentinin kitabxanasının üç zalından birində su sızması baş verib.
Nəticədə 300-dən 400-dək sənədə ziyan dəyib.
“Hazırda onları səhifə-səhifə qurutmaq üçün iş aparılır”, - Steynbok bildirib.
O, həmçinin bildirib ki, bunlar dövri nəşrlər, istinad nəşrləri və arxeoloji jurnallardır. Bunlardan ən qədimi 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərinə aiddir. Bu mənbələrdən misirşünaslar, muzey işçiləri və tələbələr istifadə edirlər.
Muzeyin müdir müavini Luvrda ventilyasiya və isitmə sistemində uzun müddətdir mövcud olan problemləri etiraf edib və qeyd edib ki, su basmış ərazidə onun təkmilləşdirilməsi planlaşdırılır.
Telekanal sızmanın klapanın səhv açılması nəticəsində baş verdiyini bildirib.