Prezident İlham Əliyev 5 dekabr 2025-ci il tarixində kənd təsərrüfatı təyinatlı torpaqlarda müvəqqəti tikililərin inşa və quraşdırılmasına dair Fərman imzalayıb.
Doğru.az xəbər verir ki, Fərmanda bu torpaqlarda yalnız torpaq üzərində yerləşdirilən, yüngül inşaat konstruksiyalarından olan və asanlıqla quraşdırılıb-sökülə bilən tikililərin inşasına icazə verilir. Bu tikililər kənd təsərrüfatı texnikası, ot, yem, dərman (zəhərli kimyəvi maddələr istisna olmaqla) və digər vasitələrin müvəqqəti saxlanması, çoban evləri, yataqlar, işçilərin istirahəti və sanitariya-gigiyenası üçün nəzərdə tutulub.
Kənd təsərrüfatı torpaqlarında daimi əsaslı ev, tövlə, anbar və digər tikililərin inşası qadağandır və belə hallar hüquqi, inzibati və cinayət məsuliyyətinə səbəb olur.
Fərmanda müvəqqəti tikililərin ölçü limitləri də müəyyən olunub: tikinti sahəsi 300 kvadratmetrdən, hündürlüyü 5 metrdən, aşırımlarının uzunluğu 6 metrdən çox olmamalıdır. Yüngül konstruksiyalı tikili dedikdə, karkası ağac və ya 8 millimetr qalınlığa qədər polad dirək və tirlərdən, divarları və arakəsmələri isə metal, ağac və ya plastik lövhələrdən ibarət tikili nəzərdə tutulur.
DOĞRU.AZ