Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar şəffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad” adlı tədbirdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edərək 81,4 faizə çatıb.
“Qeyri-neft sektorunun 2 dəfə artması ölkədə biznes mühitinin səmərəli şəkildə formalaşdığını deməyə əsas verir. Hazırda Azərbaycan 10 ölkə ilə ticarət sazişi imzalayıb. Bu sazişlər beynəlxalq ticarətin daha da genişlənməsinə imkan verir. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin fəaliyyətinin təkmilləşməsi gömrükdə rəqəmsal sistemin tətbiq edilməsi ilə təmin olunub”, - deyə Şahmar Mövsümov vurğulayıb.