AZ

Putinin ŞOK PLANI – “SSRİ-2” qurulur? 

Rusiya Prezidenti Vladimir Putinin “SSRİ-nin bərpasından söhbət gedə bilməz” açıqlaması beynəlxalq siyasi gündəmdə yeni müzakirələrə səbəb olub.

“India Today” telekanalına müsahibəsində səsləndirilən bu fikirlər ilk baxışdan Kremlin postsovet ambisiyalarından imtina etdiyi kimi təqdim olunsa da, reallıqda bu bəyanat ətrafında ciddi suallar yaranır. Putin açıq şəkildə bildirib ki, Rusiyanın belə bir məqsədi yoxdur və bunun nə rasionallığı, nə də məntiqi var: “Hazırkı şəraitdə bunun heç bir mənası yoxdur, çünki bu, Rusiya Federasiyasının etnik və dini tərkibini kökündən dəyişdirəcək”.

Kreml rəhbərinin bu sözləri bir tərəfdən Qərbin “Rusiya SSRİ-ni bərpa etmək istəyir” tezisini təkzib kimi təqdim edilir, digər tərəfdən isə cəmiyyətlərdə arxayınlıq yaratmağa yönəlmiş siyasi mesaj təsiri bağışlayır. Putin hətta bildirib ki, bu iddialar Qərb ölkələrində əhalini qorxutmaq məqsədi daşıyır. Lakin siyasi reallıqlar və Rusiyanın son illərdə atdığı addımlar bu açıqlamanın təkcə diplomatik blef olub-olmaması sualını daha da aktuallaşdırır.

Bütün bu fon isə əsas sualı daha da kəskinləşdirir: Putinin “SSRİ-nin bərpası mümkün deyil” açıqlaması real siyasi mövqedirmi, yoxsa beynəlxalq təzyiqlər fonunda taktiki manevr? Doğrudanmı Kremlin postsovet coğrafiyasına dair imperiya ambisiyaları bitib, yoxsa metod sadəcə dəyişib? Ukraynaya qarşı savaşın fonunda bu sözlərə inanmaq nə dərəcədə mümkündür? Putinin etnik-dini balans arqumenti gizli siyasi qorxuların etirafımıdır?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Azər Hüseynov qeyd edib ki, Vladimir Putinin açıqlamalarında SSRİ-yə dair zidd görünən mesajlar əslində iki fərqli nüansı ifadə edir:

“Bir tərəfdən o, SSRİ-nin siyasi-coğrafi mənada — yəni 15 respublikanın yenidən vahid dövlət kimi birləşməsi anlamında bərpasının mümkün olmadığını dəfələrlə vurğulayır. Bu, həm beynəlxalq hüququn mövcud arxitekturası, həm də postsovet respublikalarının 30 ildən artıqdır öz dövlətçiliyini formalaşdırması fonunda real olmayan bir ssenaridir. Putin də bu reallığı qəbul edir. Lakin digər tərəfdən Kremlin ritorikasında “SSRİ 2” kimi ifadələrin işlənməsi tamamilə başqa bir hədəfə işarə edir: təsir dairəsinin bərpası.

Bu anlayış postsovet məkanında nəzarətin, koordinasiyanın və Rusiyanın “strateji dominasiya”sının mümkün qədər gücləndirilməsi deməkdir. Yəni burada söhbət formal və hüquqi bir birləşmədən yox, geosiyasi təsir zonasından gedir”.

Siyasi şərhçinin sözlərinə görə, bu yanaşma yalnız Rusiyaya xas deyil – bütün böyük güclər oxşar məntiq ilə hərəkət edir: “ABŞ, Çin, Türkiyə, Hindistan, hətta Fransa belə öz coğrafi ətrafını strateji təsir sahəsi kimi qəbul edir. Böyük güc konsepsiyası tələb edir ki, sərhədin kənarında yaranan hər bir siyasi, iqtisadi və ya təhlükəsizlik prosesi həmin gücün maraqları ilə ziddiyyət təşkil etməsin. Rusiya da özünə məhz bu çərçivədən baxır.

Bu kontekstdə Putin “SSRİ-nin bərpası mümkün deyil” dedikdə hüquqi və inzibati birliyi nəzərdə tutur;

“SSRİ 2” ifadəsini işlədəndə isə daha çox tarixi nüfuzun, təhlükəsizlik tampon zonalarının, iqtisadi-informasiya nəzarətinin və regional yönləndiricilik imkanlarının bərpası nəzərdə tutulur”.

Azər Hüseynov qeyd edir ki, Moskvaya görə postsovet məkanı Rusiyanın “yaxın xaric”idir və burada boşluq yarandıqda başqa güclərin – ABŞ, Aİ, Çin, Türkiyə – təsiri artır:

“Bu isə Kreml üçün təhlükəsizlik baxımından riskdir. Xüsusilə Ukrayna müharibəsi göstərdi ki, Rusiya üçün bu məsələ sadəcə “təsir dairəsi” məsələsi deyil, birbaşa milli təhlükəsizlik amilidir. Bununla belə Azərbaycan öz ehtiyatını gözləməli təhlükəsizlik şəbəkəsini geniş şəkildə qurmalı Türkiyə ilə müttəfiq əlaqələri daha dərin etməlidir”.

Tunar

Seçilən
92
nocomment.az

1Mənbələr