Footbal-plus portalından alınan məlumata görə, ain.az xəbər verir.
Türkiyə çempionatının 15-ci turunun açılış oyununda ''Qalatasaray'' ''Samsunspor''u qəbul etdi. "Football-plus.az" xəbər verir ki, bu mövsüm Türkiyəni avrokuboklarda təmsil edən kollektivlərin dueli çox maraqlı və məhsuldar alındı. İstanbul nəhəngi Sane və Osimhenin qolları ilə ilk yarını 2:0 öndə tamamladı. Son çempionun asan qələbə qazanacağı düşünülsə də, belə olmadı. Konfrans Liqasında əsas mərhələnin lideri olan ''Samsunspor'' ikinci hissədə özünə gələrək hətta hesabı bərabərləşdirməyə də müvəffəq oldu. Son vaxtlar müdafiədə problemlər yaşayan ''Cim-Bom'' son 8 rəsmi oyunun 7-də qapısını toxunulmaz saxlaya bilməyib. Amma komandanın dadına yenə Osimhen çatdı. 75 milyon avroluq forvard əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə başı üzərindən vurduğu akrobatik zərbə ilə topu tora göndərdi. Nigeriyalı həm komandasına çox mühüm qələbə qazandırdı, həm də mövsümün ən gözəl qollarından birini vurdu. ''Samsunspor'' Osimhenin Türkiyə karyerasında ən sevimli rəqibidi. O, bu kluba artıq 5 qol vurub. Samsun təmsilçisi digər İstanbul nəhənglərini tez-tez büdrətsə də, ''Qalatasaray''la heç cür bacarmır. Təsəvvür edin, bu kollektiv ''Fənərbaxça'' və ''Beşiktaş''a qarşı keçirdiyi son 5 superliqa matçının hamısından bərabərliklə ayrıldığı halda ''Qalatasaray''a ardıcıl 9-cu oyunda məğlub oldu! Son qələbə 2005-ci ildə qazanılıb. Son çempionun superliqada evdəki məğlubiyyətsiz seriyası 26 oyuna çatdı (21 qələbə, 5 heç-heçə) və komanda ən azı bu turu da zirvədə tamamlayacaq.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.