Boru kəmərlərinin idarə olunması üzrə müvafiq sazişlərə əsasən, neft və qaz ixracı boru kəmərlərinin operatorluğu həmin sazişlərdə əvvəldən razılaşdırılmış müddətlərdə müvafiq hökumət və ya hökumət qurumlarına təhvil verilməsi əvvəlcədən nəzərdə tutulub.
Bunu “BP-Azərbaycan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı Gürcüstan mətbuatında BP şirkətinin Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa boru kəmərlərinin operatorluğunu təhvil verəcəyi ilə bağlı yayılan məlumata münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, məhz bu sazişlərə əsasən, 2021-ci ildə Cənubi Qafqaz Boru Kəmərinin operatorluğu həm Azərbaycanda, həm də Gürcüstanda SOCAR-a təhvil verilib: "Yenə də həmin sazişlərə əsasən, Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin operatorluğunun əvvəldən razılaşdırılmış müddətdə Azərbaycan, Gürcüstan və Türkiyədə müvafiq qurumlara təhvil verilməsi nəzərdə tutulur. Hazırda bu yönümdə lazımi işlərin vaxtında planlaşdırılması üçün müvafiq qurumlarla müzakirələr aparılır".