Binəqədi rayonunda obyektdə baş verən partlayış zamanı xəsarət alan üç nəfər Yanıq Mərkəzinə hospitalizasiya olunub.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
"Dekabrın 5-də saat 15:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu ərazisindən partlayış baş verməsi səbəbilə çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (kişi) bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə Yanıq Mərkəzinə hospitalizasiya olunub"- məlumatda qeyd olunub.
***17:32
Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində kafedə partlayış baş verib, 3 nəfər xəsarət alıb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 40 kv.m. olan kafe kimi fəaliyyət göstərən obyektdə, qaz borusunda ani alışma nəticəsində partlayışın baş verdiyi müəyyən olunub. Hadisə nəticəsində kafeyə ziyan dəyib, kafenin 3 nəfər işçisi xəsarət alıb.
FHN əməkdaşları tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Faktla əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
***16:40
Paytaxtın Binəqədi rayonundakı obyektdə partlayış baş verib.
Bu barədə BAKU.WS-in "Qaynar xətt"inə görüntülər daxil olub.
Qeyd edilib ki, hadisə rayonun 6-cı mikrorayon ərazisində yaşanıb. Partlayış güclü yanğınla müşayiət olunmayıb.
Məlumatda o da bildirilib ki, partlayış zamanı xəsarət alanlar var.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) BAKU.WS-ə bildirilib ki, əraziyə qurumun müvafiq əməkdaşları cəlb edilib.