AZ

“Azərbaycanın mövqeyi olmadan regionda heç bir layihə reallaşa bilməz”- ŞƏRH

Cənubi Qafqazda geosiyasi dinamikanın yeni mərhələyə qədəm qoyduğu bir dövrdə regionun inkişafına təsir edən əsas faktorlar yenidən gündəmə çıxıb. Xüsusilə Ermənistanın uzun illər boyu sərgilədiyi təcavüzkar siyasətin yaratdığı nəticələr və Azərbaycanın müharibədən sonrakı strateji təşəbbüsləri bölgədə güc balansını köklü şəkildə dəyişib. Mütəxəssislər hesab edirlər ki, bu gün regionda hər hansı layihənin həyata keçməsi artıq Azərbaycanın siyasi iradəsindən və yeni formalaşan nəqliyyat-kommunikasiya reallıqlarından asılıdır.

Politoloq Fəqani Məhərrəmli Editor.az-a açıqlamasında bildirib ki, Ermənistanın Azərbaycan torpaqlarına qarşı təcavüzü və işğal siyasəti Cənubi Qafqazın inkişafını 30 il ərzində ciddi şəkildə ləngidib:

” Azərbaycan həmin dövrdə həm işğala müqavimət göstərib, həm də mühüm iqtisadi layihələr həyata keçirərək beynəlxalq arenaya inteqrasiyanı təmin edib. Lakin daha böyük həcmli regional layihələrin icrası 30 il gecikdi”.

Fəqani Məhərrəmlinin fikrincə, 44 günlük Vətən müharibəsi və ardınca keçirilən 1 günlük antiterror əməliyyatı regionun hərbi-siyasi və iqtisadi mənzərəsini tam dəyişdi:

“Bu gün Cənubi Qafqaz Azərbaycan liderliyində dünyanın ən əhəmiyyətli və etibarlı bölgələrindən birinə çevrilib. Artıq ölkəmizin mövqeyi nəzərə alınmadan regionda hər hansı layihənin həyata keçirilməsi mümkün deyil. Azərbaycan Şərq-Qərb nəqliyyat arteriyası çərçivəsində Pekindən Londona, Orta Asiyadan Aralıq dənizinə uzanan marşrutların, həmçinin Şimal-Cənub xətti boyunca Şimali Avropa və Rusiyanın Ərəb körfəzinə və Hind okeanına çıxışında əsas tranzit ölkə rolunu oynayır”.

“Bu mövqeyi yalnız əlverişli coğrafiyamız deyil, güclü logistika potensialımız, müasir nəqliyyat infrastrukturu və yüksək ixtisaslı insan resurslarımız təmin edir. Məhz buna görə də “Qlobal Qapı” təşəbbüsündə Azərbaycanın iştirakı son dərəcə vacibdir. Bu layihə ölkəmizin geosiyasi və geoiqtisadi üstünlüklərini, daha doğrusu liderliyini bir daha təsdiqləyəcək”, – politoloq bildirib.

 

// Gülnarə Abasova, Editor.az

Seçilən
32
editor.az

1Mənbələr