AZ

Bu şorbalar orqanizmi zəhərləyir - Mütəxəssis açıqladı

Hazır şorbalar gündəlik həyatın sürətli ritminə uyğun olaraq praktik və tez hazırlanması ilə cəlbedicidir. Lakin onların tərkibi və istehsal prosesi evdə bişirilən təbii şorbalardan xeyli fərqlənir. Bu fərqlər bəzi hallarda sağlamlıq baxımından risklər yarada bilər. Hazır şorbaların əsas zərərlərindən biri yüksək miqdarda duz və natrium ehtiva etmələridir. Bu tərkib qan təzyiqinin artmasına, ödemə və böyrək yükünün çoxalmasına səbəb ola bilər. Digər bir problem isə konservantlar, dadlandırıcılar və süni ətirləndiricilər kimi əlavələrin geniş istifadə olunmasıdır.

Mövzu ilə bağlı "Refresh Group"un icraçı direktoru, qida mütəxəssisi Seymur Qafarov Missiya.Az-a açıqlamasında deyib ki, günlük olaraq istifadə etdiyimiz hazır qida məhsullarına qablaşdırılmış şorbalar da daxildir:"Hazır şorbaların tərkibində adətən müxtəlif çeşidli ədviyyatlardan, duz və istiotdan istifadə olunur. Bu məhsullardan həddən artıq istifadə etmək və ya yarım fabrikatların həddən artıq qəbulu arterial təzyiqin dəyişməsinə, hipertenziyaya səbəb olur, mədə bağırsaq və immun sisteminə öz təsirini göstərə bilər",- deyə o bildirib.

Ekspert hazır şorbaların qida vərdişlərinə və sağlamlığa zərərlərindən bu maddələr uzunmüddətli istehlak zamanı həzm sisteminə və ümumi metabolizmə mənfi təsirlərindən danışaraq deyib ki, bundan başqa, hazır şorbalardakı trans yağlar bədənin iltihabi reaksiyalarını gücləndirə, ürək-damar sağlamlığını zəiflədə bilər.

"Bu məhsulların həddən artıq istifadəsi sağlamlığa mənfi təsir göstərir. Eyni zamanda onun həddən artıq istifadəsi qida vərdişlərinin dəyişməsinə ağız, damaq zövqünün dəyişməsinə səbəb ola bilər. Yaxşı olar ki, bu qatqı maddələrinin olmadığı qida maddələrindən istifadə olunsun. Bu hal insanların qida qabiliyyətinə güclü təsir göstərir",- deyə mütəxəssis vurğulayıb.

Seymur Qafarov əlavə edib ki, evdə hazırlanan şorbalar daha təbii, balanslı və qida dəyəri yüksək olur. Tərkibi tam şəkildə nəzarət altındadır və istifadə edilən tərəvəzlər, ətlər, dənli bitkilər vitaminlərlə zəngin olur. Bu şorbalar kimyəvi əlavə və konservant olmadığı üçün həzm sistemi üçün yüngüldür. Eləcə də, uzunmüddətli sağlam qidalanmada təhlükəsiz hesab edilir. Duz miqdarı istəyə uyğun tənzimlənir və yağ seçimi daha sağlam olur.

Nəticə etibarilə, hazır şorbalar vaxt qazanmaq üçün praktik olsa da, tərkibindəki süni əlavələr və yüksək duz səbəbindən sağlamlıq üçün risk daşıya bilər. Evdə hazırlanan şorbalar isə gündəlik istifadə üçün ən doğru seçimdir.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
138
9
missiya.az

10Mənbələr