2004-cü il təvəllüdlü, 23-24 həftəlik hamilə dekabrın 2-də saat 22:50 radələrində Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, pasiyent bir neçə gündür davam edən öskürəkdən, bədən temperaturunun yüksəlməsindən şikayət edib.
"Tənəffüs sistemi xəstəliyi, ağciyər çatışmazlığı, bakterial infeksiya, pnevmoniya diaqnozları təyin edilən şəxs klinik laborator instrumental müayinələrdən keçirilib, zəruri tibbi xidmətlər göstərilib.
Dekabrın 3-də saat 01:30 radələrində xəstədə təngnəfəslik, ardından boğulma başlayıb. Reanimatoloq baxışından sonra müvafiq təyinatlar verilən pasiyentin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 06:10 radələrində biolojı ölüm qeydə alınıb.
Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin aidiyyəti şöbəsinə təhvil verilib", deyə məlumatda bildirilib. (apa)