AZ

“Mavi Balina” təhlükəsi yenidən gündəmdə - Ekspertdən ciddi xəbərdarlıq

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli son günlər məktəblilər arasında yenidən aktual hala gələn “Mavi Balina” adlı təhlükəli internet oyunu ilə bağlı narahatlığını ifadə edib.

QHT.az xəbər verir ki, ekspert bildirib ki, yaxın günlərdə baş verən yeniyetmə intiharı da bu oyunun təsiri ilə əlaqələndirilir və məsələ artıq cəmiyyət üçün ciddi təhlükə siqnalına çevrilib:

"Bu cür zərərli oyunlar sadəcə virtual fəaliyyət kimi görünməməlidir, çünki onların psixoloji təsirləri real həyatda fəsadlar doğurur. "Mavi Balina" sadəcə oyun deyil, uşaqların emosional boşluqlarını hədəf alan təhlükəli bir mexanizmdir. Buna görə ailə, məktəb və cəmiyyət olaraq daha həssas və məsuliyyətli davranmalıyıq. Həm valideynlərin, həm də təhsil işçilərinin bu kimi hallara qarşı diqqətli olması vacibdir. Uşaqlarda davranış dəyişikliyi, qapanma, aqressiya, gizli internet istifadəsi kimi siqnallar risk göstəricisi ola bilər".

Əmrah Həsənli məsələ ilə bağlı geniş müzakirələrin aparılacağını da bildirib. O, sabah saat 13:00-da APA TV-nin “İmpuls” verilişində mövzunun psixoloji, sosial və təhsil aspektlərinin təhlil ediləcəyini vurğulayıb:

“Valideynlər hansı siqnallara diqqət etməlidir? Məktəb psixoloqlarının rolu nə qədər effektivdir? Uşaqlar arasında rəqəmsal asılılıq niyə artır? Təhsil mühiti bu risklərə qarşı necə gücləndirilə bilər? Bu suallarla bağlı geniş müzakirələr aparacağıq.”

Ekspert bütün valideynləri, müəllimləri və ictimaiyyəti diqqətli olmağa çağırıb, uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunmasının prioritet məsələ olduğunu bildirib.

 

Pərvanə Fərhadqızı

Seçilən
134
qht.az

1Mənbələr