Dekabrın 4-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının Vyana şəhərində keçirilən 32-ci iclası çərçivəsində Niderland Krallığının xarici işlər naziri Deyvid van Vil ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə ikitərəfli və çoxtərəfli gündəlikdə duran məsələlər, habelə cari regional vəziyyət müzakirə olunub.
Görüşdə, Azərbaycan-Niderland arasında bir sıra istiqamətlərdə, energetika, yaşıl enerji, ticarət, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş perspektivlərin mövcud olduğu bildirilib.
İki ölkə arasında qarşılıqlı səfərlərin, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində təmasların, ikitərəfli münasibətlərin cari vəziyyətinin və perspektivlərinin müzakirəsi məqsədilə yüksəksəviyyəli təmasların, Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin vacibliyi qeyd olunub.
Qarşı tərəf ölkəmizin geniş regionda oynadığı rol, postmünaqişə dövründə və Vaşinqton sammitindən sonra bölgədə mövcud vəziyyət və reallıqlar barədə məlumatlandırılıb.
Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.