"Azərbaycanda siyasi sistemin milli maraqlar sferasında formalaşması prosesini müşahidə edirik. Bu çox vacib prosesdir. Çünki siyasi partiyalar dövlətin və xalqın taleyi ilə bağlı məsələlərlə məşğul olur. Onlara qarşı dövlət hər zaman həssas münasibət sərgiləməlidir. Ona görə ki, dövlət öz gələcəyinə həssas və diqqətli münasibətin bilavasitə onun müstəqilliyi və suverenliyinə bağlı olduğunu qəbul etməlidir".
Bu fikirləri Newscenter.az-a Ədalət Partiyasının sədri Mütəllim Rəhimli səsləndirib. O deyib ki, müasir dövrdə cəmiyyətlərə qarşı amansız hücumlar var:
"Xarici müdaxilələrlə cəmiyyəti içərisindən parçalamaq və yönəltmək cəhdləri təkzibolunmaz faktlarla sübuta yetirilir. Əgər xarici hərbi müdaxiləyə ordu cavab verirsə, ictimai fikrə olan hücumların qarşısına siyasi partiyalar çıxır. Siyasi qurumlar ictimai rəyin formalaşmasında müstəsna rola malikdirlər. Buna görə də onların milli maraqlara xidmət etməsi, xarici qüvvələrin əlində alətə cevrilməməsi olduqca zəruridir".
Partiya sədrinin sözlərinə görə, artıq respublikamızda demək olar ki, milli mənafelərimizi sata biləcək partiya yoxdur:
"Onlar zamanla ələndilər və siyasi müstəvi durulmaqdadır".
Süleyman