AZ

Şəkidə sənətkarlıq ənənələri bu gün də yaşayır » AzadMedia.az



Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə keçirilən Şəki infoturu media mənsublarına bölgənin sənətkarlıq irsini, qədim peşələrin yaşadılması ənənəsini və turizm potensialını yaxından araşdırmaq imkanı verib. Səfər xüsusilə Şəkinin əsrlərdir qorunan sənət sahələrinin bu gün də canlı şəkildə yaşadılmasını nümayiş etdirməsi ilə yadda qalıb.
İnfoturun ən təsirli məqamlarından biri Şəkinin qədim dulusçuluq sənətinə həsr olunmuş ekskursiya oldu. Usta Əhəd Məmmədov media nümayəndələrini emalatxanasında qarşılayaraq çarx arxasında canlı şəkildə ənənəvi dulusçuluğun bütün mərhələlərini nümayiş etdirdi. Qonaqlar gil kütləsinin yoğrulması, çarxda formalaşdırılması, naxışlanması və bişirilməsi proseslərini izləyib bu sənətin Şəkidə hələ də böyük ustalıqla yaşadıldığının şahidi oldular. Usta Əhəd hazırladığı məmulatların həm məişətdə, həm də dekorativ məqsədlərlə istifadə olunduğunu qeyd etdi.

Xatırladaq ki, media nümayəndələri səfər zamanı Şəkinin sənətkarlıq məkanları, tarixi abidələri və yeni turizm infrastrukturu ilə də tanış olublar. Onların müşahidələrinə görə, Şəki təkcə memarlıq inciləri ilə deyil, həm də bu günə qədər qorunub saxlanılan və davam etdirilən sənət ənənələri ilə turistlər üçün xüsusi cazibəyə malikdir.

Hazırda bölgədə turizm xidmətlərinin genişləndirilməsi, sənətkarlıq nümunələrinin tanıdılması və brendləşdirilməsi istiqamətində görülən işlər Şəkinin ölkə turizm xəritəsində mövqeyini daha da gücləndirir.

DTA-nın təşkilatçılığı ilə Şəkiyə təşkil olunan bu səfər bir daha göstərdi ki, şəhər Azərbaycanın sənətkarlıq beşiklərindən biridir. Dulusçuluqdan tutmuş digər əl işlərinə qədər, yerli mətbəxin özünəməxsusluğu və Şəki sakinlərinin qonaqpərvərliyi ilə birlikdə bölgə turizm üçün əsl açıq səma muzeyidir. Media nümayəndələrinin paylaşımları da bu zəngin irsin daha geniş auditoriyaya tanıdılmasına töhfə verəcək.

Seçilən
24
1
azadmedia.az

2Mənbələr