AZ

“Ukrayna Sülh Planı”nda irəliləyiş: Putin razılaşdı, tərəflər sülhə gedir? - ŞƏRH

Kreml, Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkof arasında keçirilən beş saatlıq görüşün Vaşinqtonun “Ukrayna Sülh Planı” ilə bağlı müəyyən irəliləyişlərə səbəb olduğunu bildirib.

Məlumata görə, Putin ABŞ-ın irəli sürdüyü bir sıra təklifləri qəbul edib, bəzilərini isə məqsədəuyğun saymayaraq rədd edib. Moskva, həmçinin, Ukrayna müharibəsinə son qoymaq məqsədilə prosesin davam etdirilməsinə və ABŞ tərəfi ilə yeni danışıqlara hazır olduğunu bəyan edib. Peskov qeyd edib ki, görüş “Ukrayna Sülh Planı” ilə bağlı ilk üzbəüz fikir mübadiləsi olub.

Maraqlıdır görəsən, Trampın sülh planı işə yarayacaqmı? Putin nəhayət planla razılaşacaqmı? Turkustan.az olaraq bu sualları politoloq Çingiz Şahbaziyə ünvanladıq.

Gürcüstanda

Çingiz Şahbazi

Tramp planı layihəsi çərçivəsində Mayamidə ABŞ və Ukrayna hökumət nümayəndələri arasında keçirilən görüşdə iştirak edən ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkofun dərhal Moskvaya səfər etməsi və orada Putin və rus nümayəndələri ilə təxminən 5 saat davam edən görüşü, şübhəsiz ki, ABŞ-ın Tramp planı üzərində fəallığını göstərir. Tərəflərin prosesə ciddi şəkildə cəlb olunması təşəbbüsü də xüsusi diqqət çəkir. Moskvada keçirilən görüşlə bağlı həm ABŞ, həm də Rusiya tərəfi müzakirələrin məhsuldar və konstruktiv keçdiyini bildirib.

Bununla belə, nikbin açıqlamalara baxmayaraq, heç bir kompromis əldə olunmayıb. Rusiya tərəfi təqdim edilən təkliflərin bir hissəsini ümumiyyətlə qəbul etmək niyyətində deyil. Hesab edirəm ki, Tramp planı layihəsinin yaxın vaxtlarda reallaşması çətin görünür, çünki hər iki münaqişə tərəfi kifayət qədər iddialıdır. Rusiyanın irəli sürdüyü şərtlərin, xüsusilə Ukraynaya aid bəzi ərazilərin Rusiyaya birləşdirilməsi ilə bağlı təkliflərin Kiyev tərəfindən qəbul edilməsi mümkün görünmür. Prezident Zelenski də bu təklifləri qəti şəkildə rədd edir.

ABŞ-ın mövcud vəziyyət fonunda prosesi yeni başlanğıc kimi təqdim etməsi və bütün danışıqları məhz 28 maddəlik sülh planı çərçivəsində davam etdirməyə çağırması diqqətçəkən məqamlardandır. ABŞ prezidenti Donald Tramp ümid edir ki, tərəflər bu istiqamətdə razılığa gələ biləcək. Lakin plan ətrafında aparılan müzakirələr və keçirilən digər görüşlər hələlik heç bir irəliləyiş göstərmir.

Bununla yanaşı, hesab etmək olar ki, bu plan ən azı sülhün əldə olunması istiqamətində bir “imkan pəncərəsi”dir və onun qəbul edilməsi barədə konkret fikir söyləmək hələ tezdir. Bu baxımdan proseslərin davam etdirilməsi məqsədəuyğundur. Fikrimizcə, tərəflər Tramp planı üzərində işləməli, müzakirələr aparmalı və qərar vermək üçün müəyyən vaxta ehtiyac duymalıdırlar.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
81
50
turkustan.az

10Mənbələr