AZ

Elektron siqaret düşündüyümüzdən daha təhlükəlidir

Bakı, 3 dekabr, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilk dəfə olaraq elektron siqaret istifadəsi ilə bağlı qlobal hesabat yayıb. Hesabata görə, hazırda dünyada 100 milyondan çox insan veypdən (elektron siqaret) istifadə edir və onların ən azı 15 milyonu 13–15 yaşlı yeniyetmələrdir. Mövcud məlumatlar göstərir ki, yeniyetmələr arasında “veyp” istifadəsi yetkinlərə nisbətən təxminən 9 dəfə yüksəkdir.

Bu barədə AZƏRTAC-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Elektron siqaretlər, ənənəvi siqaretlərə alternativ olaraq təqdim edilsə də, xüsusilə gənclər və qadınlar arasında geniş yayılıb. Rəngarəng dizaynlar, müxtəlif meyvə və şirniyyat dadları, marketinq strategiyaları və sosial mediada geniş reklam bu məhsulları gənclər üçün daha cazibədar edir. Əsas hədəf auditoriyası ilkin mərhələdə siqareti tərgitmək istəyən şəxslər olsa da, son illərin statistikaları göstərir ki, veyp istifadəsi əvvəllər siqaret çəkməyən yeniyetmələr və gənclər arasında sürətlə yayılır.

Bundan əlavə, elektron siqaretlərin tüstüsünün olmaması və xoşqoxulu aerozolları onların qapalı məkanlarda istifadəsini asanlaşdırır. Bu xüsusiyyətlər veyplərin nəqliyyat vasitələrində, restoranlarda və digər ictimai yerlərdə rahat istifadə olunmasına səbəb olur və passiv şəkildə təsirə məruz qalma ehtimalını artırır.

ÜST hesabatında, eyni zamanda, ölkələrə çağırış edərək bildirir ki, yeniyetmələr arasında elektron siqaret və digər nikotin məhsullarının istifadəsini yaxından izləsin, yeni məhsulların yayılmasına qarşı isə təsirli tənzimləyici və maarifləndirici tədbirlər həyata keçirsin.

Veypin zərərləri ilə bağlı ətraflı məlumatı https://youtu.be/MompBOqwmx8 linkinə daxil olaraq almaq olar.

Seçilən
33
4
azertag.az

5Mənbələr