AZ

İddiaya bax! – “Məqsədimiz “Qarabağ”ı udmaqdır”

“Karvan-Yevlax” “Qarabağ”la çətin səfər qarşılaşmasında 1 xala yaxın idi.

79-cu dəqiqəyə qədər işlər yevlaxlılar üçün pis getmirdi. İnamlı müdafiə olunmaqla çempionun qarşısını kəsməyi bacarırdılar.

Lakin “ağır artileriya”nın meydana daxil olmasından sonra təzyiqi artıran meydan sahibləri 10 dəqiqə ərzində 2 qol vurub istəyinə çatdı.

Qarşılaşmadan sonra Sportinfo.az-a müsahibə verən nigeriyalı müdafiəçi Olavale Doyeni komandasının məğlubiyyətini şərh edib.

- Heç-heçəni qorumağa gücünüz çatmadı, yoxsa səviyyə fərqi özünü göstərdi?

- Məqsədimiz qapımızda qol görməmək, imkan olacağı təqdirdə əks-hücumlar hesabına qol vurmaq idi. Uduzmağımıza baxmayaraq, pis oynamadıq. 80 dəqiqə “Qarabağ” kimi rəqib qapımıza qol vura bilmədi. Sadəcə, yol verdiyimiz diqqətsizlik rəqibin sevinməsinə imkan yaratdı. Günahı özümüzdə axtarmalıyıq.

- Oyunun sonlarına yaxın nə baş verdi? Yorulduz sanki.

- Yorulduğumuzu düşünmürəm. Sadəcə, rəqib əvəzetmələrin hesabına üstünlük qazandı. Təzyiqi artırmaqla bizi səhv etməyə məcbur etdilər.

- Fevralın 3-də yenə “Qarabağ”la qarşılaşacaqsız. Kubok matçında yekun nəticə xeyrinizə ola bilər?

- “Qarabağ”a kimi komandaya qarşı oynamaq adama zövq verir. Fikrimcə, hər bir futbolçu bundan həzz alır. Mərhələni adlamaq üçün əlimizdən gələni edəcəyik. Çalışıb eyni səhvlərə yol verməməliyik. Önəmli olan qol buraxmamaqdır. Bunu bacarsaq, mərhələni adlaya bilərik. Məqsədimiz “Qarabağ”ı udmaqdır.

- Mümkün görünür?

- Bəli. Şəxsən buna inanıram. Tək “Qarabağ”ı yox, istənilən rəqibi məğlub etmək mümkündür.

- Həftəiçi məşqləri yeni baş məşqçinin rəhbərliyi altında etmişdiz. Füzuli Məmmədovun gəlişi nələri dəyişib?

- Hər məşqçinin özünəməxsus futbol fəlsəfəsi var. “Biri yaxşıdır, digəri pis” demək olmaz. Söhbət yeni baş məşqçidən gedirsə, onun futbola yanaşmasını və fəlsəfəsini bəyənirəm.

- “Kəpəz”lə qarşılaşmada məyus etdiyiniz yevlaxlı azarkeşlərə sözün var?

- Onlar bizim dayağımızdır. Düzdür, Yevlaxdakı ilk matçda uduzduq. Lakin söz verirəm ki, onlara gözəl günlər yaşadacağıq. Biz bir ailəyik, pis və yaxşı günlərdə birlikdə olmalıyıq. Birlik nümayiş etdirməklə bu vəziyyətdən çıxa bilərik. Onlara demək istədiyim yanımızda olmaqları və bizi dəstəkləmələridir.

HƏBİB

Seçilən
121
sportinfo.az

1Mənbələr