Bakı, 3 dekabr, Pərvanə Qafarova, AZƏRTAC
Mənim “Milli Peyk İnnovasiya” layihəsinə qatılmaqda əsas məqsədim gələcəkdə aerokosmik mütəxəssisi kimi bu sahəyə öz töhfəmi vermək istəyimdən yaranıb. Layihəyə qoşularaq kosmik sahədə yeni bilik və bacarıqlar qazanmaq istəmişəm.
Bu barədə AZƏRTAC-a açıqlamasında “Azərkosmos”un nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın “Milli Peyk İnnovasiya” müsabiqəsinin qalib komanda üzvü, 297 nömrəli məktəbin şagirdi Vaqif Osmanov deyib.
Məktəbli proqramın ona verdiyi imkanlar və gələcək planları barədə fikirlərini bölüşüb: “Düşünürəm ki, gələcəkdə aerokosmik mühəndis olaraq ölkəmizin hərbi müdafiəsinə və kosmik sahədə inkişafına öz töhfəmi verəcəyəm,” – deyə o qeyd edib.
Gənc iştirakçı qalibiyyətin təkcə onun komandası üçün deyil, bütün Azərbaycan məktəbləri üçün qürurverici olduğunu deyib və dəstək göstərən hər kəsə təşəkkürünü çatdırıb: “Bu qalibiyyət tək bizim deyil, bütün Azərbaycan məktəblərinindir. Bizə bu imkanı yaratdıqlarına görə “Azərkosmos”-a, Elm və Təhsil Nazirliyinə və bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm”.
Kosmosa uçmaq arzusu barədə danışan Vaqif bunun uşaqlıq xəyalı olduğunu qeyd edib: “Kosmosa getmək mənim üçün böyük xəyaldır. Oranı özüm üçün kəşf etmək, səyahət etmək çox maraqlı olardı,” – deyə o bildirib.
Onun sözlərinə görə, kosmosa marağı öncədən olsa da, layihə bu marağı daha da artırıb.
Layihəyə qoşulma qərarının necə verildiyini izah edən gənc iştirakçı deyib ki, müəllimləri bu imkan barədə məlumat verdikdən sonra tərəddüd etmədən müraciət ediblər: “Biz çox mərhələlərdən keçdik, mübarizə apardıq. Qalib olmaqdan əlavə burada əldə etdiyimiz təcrübə mənim üçün çox dəyərlidir və ömür boyu unudulmayacaq,” – deyə o əlavə edib.
Qeyd edək ki, “AZCON Holdinq”in şirkətlərindən olan “Azərkosmos”un nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın “Milli Peyk İnnovasiya” müsabiqəsi çərçivəsində 7–9-cu sinif şagirdləri tərəfindən hazırlanan kiçik ölçülü - “PocketQube” tipli peyk artıq kosmosdadır.