Binəqədi rayonu son illər sanki nizamlı rayon məkanından çox, plansız tikinti meydançasını xatırladır. Yol boyu qaldırılan hasarlar, bir-birinin üstünə çıxmış binalar, standartlara uyğun olmayan yaşayış kompleksləri və bitib-tükənməyən qazıntılar rayonda gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Bu qarışıq mənzərə bir sual yaradır: Rayonun icra başçısı Elxan Allahverdiyev hara baxır?
Binəqədi sakinləri illərdir eyni problemdən şikayətlənir: tikinti çoxdur, amma inkişaf yoxdur. Yeni binalar tikilir, lakin yollar genişləndirilmir, kommunikasiya xəttləri dəyişdirilmir, dayanacaqlar, yaşıllıq zolaqları yaradılmır. Tikinti şirkətləri üçün açıq qapı siyasəti yaşanır, nəticədə hər küçə, hər məhəllə artıq öz simasını itirib.
Rayonda elə yerlər var ki, yanğınsöndürən maşının belə keçə bilməyəcəyi qədər daraldılıb. Nəticə insanların təhlükəsizliyinə real təhdiddir. Bunu sosial mediada yayılan videolar da təsdiq edir.
Binəqədinin rəhbəri Elxan Allahverdiyev isə bütün bu problemlər fonunda sanki kölgədə qalır. Sakinlərin tələbləri, ictimai narazılıq, sosial medianın hay-küyü heç bir real nəticə vermir. Deputatın adı daha çox biznes strukturları ilə bağlanır, sosial problemlərin həlli isə sadəcə kağız üzərində qalır.
Rayonda tikinti işlərinin bu qədər nəzarətsiz şəkildə çoxalması, yerli icra orqanlarının və rəhbərin məsuliyyətdən yayınması təsəvvürü yaradır. Əgər problemə reaksiya verilmir və vəziyyət ildən-ilə ağırlaşırsa, sual yaranır:
Elxan Allahverdiyev Binəqədini tikinti maqnatlarının ixtiyarına verib?
Sakinlər açıq şəkildə narazıdır: rayonda nə abadlıq işləri var, nə yeni sosial infrastruktur, nə də planlama. Yalnız tikinti, tikinti və yenə tikinti. Bu isə həm ekoloji, həm sosial, həm də təhlükəsizlik baxımından ciddi risklər yaradır.
Binəqədi XXI əsr Bakısına yaraşan müasir və yaşanılan rayon ola bilərdi. Amma bu potensial tamamilə betonun altında qalıb.
https://vt.tiktok.com/ZSfGqsS27/