AZ

Qadın qətlləri artır: “Ana öldürülür, ata da uzunmüddətli həbsə gedir, azyaşlı uşaqlar ortada qalır”

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Azərbaycan hələ 30 il əvvəl – 1995-ci ildə qadınlara qarşı bütün növ ayrı-seçkiliyin ləğv olunması barədə Konvensiyanı, eləcə də insan haqları üzrə əsas beynəlxalq sənədləri qəbul edərək, onlara qoşulub. Buna baxmayaraq, bu gün də ölkəmizdə qadınların hüquqlarının müdafiəsi, məişət zorakılığı ilə bağlı ciddi problemlər var.

Bizimyol.info xəbər verir ki, Azərbaycanda qadın qətllərinin statistikası ciddi narahatlığa əsas verir.

“2024-cü ildə təkcə mediada 39 qadın qətli barədə xəbər var idisə, 2025-ci il hələ başa çatmamış, artıq belə məlumatlar 40 nəfərə çatıb. Bu qəbildən olan cinayətlərin əksəriyyətində qadınları öldürənlər onların həyat yoldaşı və yaxud da ailəsinin hansısa kişi üzvü (atası, qardaşı, oğlu) olur”, - vəkil Zibeydə Sadıqova bildirib.

Qadın və uşaq hüquqlarının müdafiəsi ilə məşğul olan vəkil Zibeydə Sadıqova Bizimyol.info xəbər portalına açıqlamasında qeyd edib ki, qadınların öldürülmə səbəbləri, hadisələrin başvermə şəraiti müxtəlif olsa da, mahiyyəti eynidir. Onun sözlərinə görə, qadın cinayətlərinin artmasında cəmiyyətin patriarxal siması da tətikləyici amillərdəndir: “Biz 2025-ci ilə gəlib çıxmışıq, amma bu gün də müəyyən hallarda qadın qətllərinə haqq qazandıranlar olur. Adını “namus cinayəti” qoyub, qadının öldürülməsinə bəraət verməyə çalışırlar. Belə rəylər təhlükəlidir. “Ətrafdakılar nə deyər” bəhanəsi ilə qətlə yetirilmiş kifayət qadər qadınlar var. Nə qədər kişilər var ki, artıq boşandığı qadını gedib öldürür”.

Zibeydə Sadıqova

Zibeydə Sadıqova hesab edir ki, bu vəziyyətin yaranmasında insanların təhsil səviyyəsindən tutmuş, qadınların sosial müdafiəsinə qədər müxtəlif amillərin rolu var. Vəkilin sözlərinə görə, bir çox hallarda qadın sonra müdafiəsiz qalacağından qorxaraq, fiziki, psixoloji şiddətə məruz qaldığı yerdə yaşamaqda davam edir və günün birində də ona qarşı şiddət qətlə gətirib çıxarır: “İnsana qarşı zorakılıq, birini qətlə yetirmək yolverilməzdir, aydın məsələdir. Məsələyə başqa tərəfdən yanaşaq. İnsan düşünəndə, hərəkətlərini ölçüb-biçəndə əməlinin nəticəsini də təhlil edə bilir. Məsələn, kimisə öldürmək təkcə onun yaşamaq hüququnu əlindən almaq deyil, uşaqlarını da anadan məhrum etməkdir. Ana öldürülür, ata da uzunmüddətli həbsə gedir, azyaşlı uşaqlar ortada qalır. Bu, nə dərəcədə ağıllı davranışdır?”

Zibeydə Sadıqova bildirib ki, qadınların sosial müdafiəsi gücləndirilməli, maarifləndirmə istiqamətində daha çox iş aparılmalıdır. Vəkilin sözlərinə görə, maarifləndirmə təkcə sözdə olmamalıdır, əməldə də bunun şahidi olmalıyıq.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
153
50
bizimyol.info

10Mənbələr