“Kəpəz”in baş məşqçisi Azər Bağırovun “Neftçi”də istefaya göndərilən Samir Abasovun yerinə keçmək istədiyi iddia edilir.
Ölkə.Az xəbər verir ki, bu iddia ilə “sportinfo” saytı çıxış edib.
Saytın yazdığına görə, A.Bağırov son bir neçə gün ərzində idarəçilərdən biriylə iki dəfə əlaqə saxlayıb və öz xidmətini təklif edib.
Qeyd edilir ki, A.Bağırov danışıq zamanı “Neftçi”də işləmək şansı yaranarsa, hər an Gəncə təmsilçisindən ayrıla biləcəyini söyləyib.
Ölkə.Az məsələyə aydınlıq gətirmək üçün Azər Bağırovla əlaqə saxlayıb. “Kəpəz”in baş məşqçisi saytımıza açıqlamasında hazırda yalnız öz komandasını düşündüyünü söyləyib.
“Bu barədə yayılan məlumatı bu gün mənə göndərmişdilər. Heç doğruya yaxın bir şey deyil. Mənim xarakterimi bilən adamlar da tanıyırlar, bilirlər ki, mən heç vaxt nəyisə kimdənsə xahiş belə eləmirəm. Mən bu gün “Kəpəz”də çalışıram və “Kəpəz”in uğurları, çempionatdakı iştirakı mənim üçün çox vacibdir. Heç kimlə əlaqə saxlamamışam. Məni tanıyanlar bilir ki, bu, mümkün deyil”.
A.Bağırov “belə bir təklif gələrsə, “Neftçi”ni çalışdırmaq istəyərsinizmi?” sualına isə belə cavab verib:
“Bu gün “Kəpəz”in rəhbərliyi, azarkeşləri mənim üçün ən prioritet vəzifələrimdən biridir. Həyatda hər şey ola bilər, bu gün, sabah, bir ildən sonra. Amma bugünkü gündə “Kəpəz”in uğurları üçün çalışıram”.
“Kəpəz”in baş məşqçisi “Neftçi”ni ümumən “yaxşı, amma bəxtsiz” komanda kimi qiymətləndirib:
“Hər hansı bir rəqib komandanı analiz eləmək, xüsusən də daxili məsələlərini müzakirə etmək səlahiyyətində belə deyiləm. Mənə elə gəlir ki, heç etik də olmaz. Amma ümumiyyətlə, sonuncu oyunda yaxşı çıxış etdilər, ondan qabaq da çıxışları var idi. “Neftçi”nin yaxşı oyunçulardan yığılmış bir komandası var. Bəxtsizlikmi deyim, nəsə çatışmazlıqmı deyim... Başqa şeyləri müzakirə etmək, etik olmaz”, - deyə o əlavə edib.
Billurə Yunus