Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, danışıqlar zamanı Ukrayna üçün sülh planında Ukrayna qüvvələrinin çıxarılması üçün sərhədlərin müəyyən edilməsi məsələsi müzakirə olunacaq.
Kreml ümid edir ki, danışıqlar prosesində hansı ölkələrin və təşkilatların mövcud ərazi reallıqlarını tanıyacağı da müəyyən ediləcək.
Qeyd edək ki, dünən Rusiya Prezidenti Vladimir Putin Krım və Donbasın statusunu ABŞ ilə Ukrayna nizamlanması üzrə danışıqlarda əsas məsələ adlandırıb. Elə həmin gün Avropa Parlamenti (AP) Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qətnaməni təsdiqləyib və bu qətnaməyə Rusiyanın yeni bölgələrini heç vaxt tanımamaq öhdəliyi daxildir. Qətnamənin müəllifləri ABŞ-ın Kiyevə qarşı ikili siyasətinin “davamlı sülhün əldə edilməsinə zərər verdiyini” bildiriblər.
“Axios” tərəfindən dərc edilən yeni 28 bəndlik ABŞ planının ilk versiyasında Krım, Donetsk və Luqansk vilayətlərinin Rusiya əraziləri kimi de-fakto tanınması tələb olunurdu.
Daha sonra “Politico” mənbələrə istinadən xəbər verdi ki, ABŞ-ın avropalılar və Ukrayna ilə təmaslarından sonra yenidən işlənmiş sənəddə artıq “Ukraynanın Donbası Rusiyaya güzəştə getməsi” tələbi yoxdur. Nəşr həmçinin “Ukrayna ərazisi ilə bağlı digər həssas məsələlərin” plandan çıxarıldığını yazıb.
//Samir Qurbanov, Editor.az