Xankəndidə terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxsin barəsində cinayət işi məhkəməyə göndərilib.
Publika.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, bu ilin sentyabrın 14-də Xankəndi şəhəri ərazisində odlu silah və döyüş sursatlarından atəş açılmaqla partlayışla nəticələnən terrorçuluq edilməsi, habelə terrorçuluqla əlaqədar ikidən çox polis əməkdaşının qəsdən öldürülməsinə cəhd edilməsi və digər faktkar üzrə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
İstintaq tədbirlərilə, Xankəndi şəhərinin erməniəsilli sakini, 1967-ci il təvəllüdlü Karen Avanesyanın bir sıra xüsusilə ağır cinayətlər törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Belə ki, K.Avanesyan ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə, partlayışların törədilməsi, insanların öldürülməsi və digər ictimai təhlükəli nəticələrin baş verməsi ilə müşayiət olunan terrorçuluq əməli, habelə terrorçuluqla əlaqədar qəsdən adam öldürmə cinayətlərini törətmək məqsədilə Xankəndi şəhərinin ərazisində 2023-cü ilin sentyabr ayına kimi fəaliyyət göstərmiş qanunsuz silahlı birləşmələrdən qalmış odlu silah - "AKMS" markalı avtomat silahı, onun komplekt hissələrini, habelə çox sayda əl qumbaralarını əldə edib həmin şəhərin ərazisində gizlədərək uzun müddət saxlayıb, cinayətkar niyyətini həyata keçirmək üçün sentyabrın 14-də saat 07 radələrində yaşadığı sosial sığınacağı hər hansı bir səbəb bildirmədən tərk edib gizlətdiyi silah-sursatları götürərək atəşə hazır vəziyyətə gətirib, saat 09 radələrində yaşayış olmayan başqa bir evə girib mövqe tutmaqla polis əməkdaşlarının yaxınlaşmasını gözləyib, onun olduğu yeri müəyyənləşdirməyə çalışan polis əməkdaşlarının sayının çoxluğunu müşahidə etdikdən sonra qabaqcadan planlaşdırdığı terrorçuluq və çoxsaylı hakimiyyət nümayəndələrini öldürmək üçün şəraitin yetişdiyi qənaətinə gələrək gizləndiyi yerdən avtomat silahdan ona yaxınlaşan polis əməkdaşlarına nizamsız çoxsaylı atəşlər açıb, ardınca isə əl qumbaralarını polis əməkdaşlarının olduqları yerə ataraq partladıb.