AZ

Ərdoğan Papa ilə təkbətək görüş keçirdi

Vatikan rəhbəri XIV Leo vəzifəsinin icrasına başlamasından cəmi 6 ay sonra ilk xarici səfərini Türkiyəyə edib.

"Yeni Sabah" CNN Türk-ə istinadla xəbər verir ki, 3 gün davam edəcək səfər çərçivəsində Papa bu gün Ankaraya gəlib.

O, ilk olaraq Atatürkün məzarını - Anıtkabiri ziyarət edib, daha sonra Prezident Sarayında rəsmi mərasimlə qarşılanıb.

Görüşdən sonra açıqlama verən Prezident Ərdoğan Papa Leonun ilk xarici səfər üçün Türkiyəni seçməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib. O, səfərin Vatikan-Türkiyə münasibətlərini dostluq və qarşılıqlıq anlayışı əsasında daha da gücləndirəcəyinə inandığını vurğulayıb.

Qlobal qeyri-müəyyənliklərin artdığı bir dövrdə sülh və ədalətin önəmini qeyd edən Ərdoğan, Türkiyənin fərqli mədəniyyətlərin və dinlərin yanaşı yaşadığı unikal bir ölkə olduğunu xatırladıb. Prezident son illərdə ölkə üzrə çoxsaylı kilsə və ibadətgahların bərpa edilərək yenidən istifadəyə verildiyini də diqqətə çatdırıb.

Recəb Tayyib Ərdoğan Türkiyənin Suriyadan Ukraynaya qədər milyonlarla qaçqına sığınacaq verdiyini vurğulayıb. O, çıxışında Fələstin məsələsindən danışarkən deyib ki, "70 mindən çox qəzzalı həyatını itirib. İsrailin vurduğu ibadətgahlar arasında Qəzzada yeganə katolik kilsəsi də olub”.

“Fələstinə borcumuz ədalətdir. Bu isə 1967 sərhədləri əsasında iki dövlətli həllin həyata keçirilməsi ilə mümkündür”, - Türkiyə Prezidenti bəyan edib.

Səfər çərçivəsində XIV Leo və Prezident Ərdoğan arasında təkbətək və nümayəndə heyətləri səviyyəsində görüşlər keçirilib.


Telegram kanalımız
Seçilən
34
yenisabah.az

1Mənbələr