"İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev Bakıda baş tutan Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurasının tədbirində iştirak edərək tədbirin təşkilinə və təqdim olunan məzmunlara dair fikirlərini QHT.az-a bölüşüb.
Onun sözlərinə görə, toplantı yeni üslubda, yüksək səviyyədə təşkil olunub və iştirakçılara təqdim edilən videoçarx qurumun fəaliyyəti ilə tanışlıq baxımından müsbət təsir yaradıb. Ramil Əliyev qeyd edib ki, illərdir Avropada Azərbaycanı fəal şəkildə təmsil edən Sahil Qasımov və digər diaspor nümayəndələri işğal dövründə belə ölkənin haqlı mövqeyinin tanıdılması üçün mühüm aksiyalar və mitinqlər təşkil ediblər:
"Azərbaycan həqiqətlərini müdafiə edən diaspor üzvləri bəzən təzyiqlərlə üzləşsələr də, vətən sevgisi və əzmkarlıqla fəaliyyətlərini davam etdiriblər. 44 günlük Vətən müharibəsindən sonra diasporun rolu daha da artıb və Avropada fəaliyyət göstərən təşkilatların sülh dövründə də fəal mövqe sərgiləməsi vacibdir. EAPCA kimi qurumların mövcudluğu Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin güclənməsi baxımından əhəmiyyətli olacaq".
Ramil Əliyev sonda təşkilata gələcək fəaliyyətində uğurlar arzulayaraq bildirib ki, Bakıda təqdimatı keçirilən bu platformanın yeni təşəbbüsləri ölkə üçün faydalı nəticələr verəcək.
Pərvanə Fərhadqızı