AZ

200 ton zəhərli alma qalmaqalı - AQTA sorğuya cavab verdi, amma məhsulun niyə məhv edilməsinə aydınlıq gətirmədi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 1 ay 10 gün öncə məhvinə qərar verdiyi, lakin hələ də məhv olunmayan 200 tona yaxın zəhərli alma ilə bağlı sorğuya cavab verib.

Musavat.com sorğuya cavabı təqdim edir:

“Xəbər verdiyimiz kimi, Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində “Fueqo” MMC-yə və fiziki şəxs Həsənov İlkin Cahan oğluna məxsus ümumi çəkisi 163,4 ton alma məhsulu partiyalarından nümunələr götürülərək müayinələrə cəlb olunub. Sınaq nəticəsində pestisid qalığının normadan artıq olduğu aşkarlanıb. Məhsul partiyaları Türkiyə Respublikasının idxal tələblərinə, o cümlədən ölkəmizdə qüvvədə olan pestisid qalığı normalarına cavab vermədiyi üçün ixracına icazə verilməyib, məhv və ya utilizasiya edilməsi barədə qərar qəbul olunub.

Qeyd olunan uyğunsuzluqla bağlı həmin məhsulların anbarlarda saxlanılması təmin edilib, daxili bazara çıxarılmasının qarşısı alınıb. Məhsulların toxunulmazlığının təmin edilməsi ilə bağlı anbar sahibinə xəbərdarlıq edilib.

Faktla bağlı inzibati protokollar tərtib olunub, hər iki müəssisənin məhsul ixracına qadağa qoyulub. Hazırda inzibati icraat davam edir”.

Sorğuya cavabda zəhərli almaların məhvi ilə bağlı AQTA-nın 1 ay müddət müəyyən etməsi, həmin müddətdən 1 aylıq müddətin 10 gündən artıq aşılmasının səbəblərinə aydınlıq gətirilmir.

Ən qorxulusu odur ki, Rusiya və Türkiyəyə göndərilməli olan 8 TIR alma bu gün də Xudat rayonunda yerləşən və Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyevin şəriklərindən olduğu “Food City Agrocomplex”dəki soyuducu sistemi olan anbarda saxlanılır. Müddət ötdükcə məsələ yaddan çıxır və almaların bazara çıxarılması an məsələsinə çevrilə bilər. Zəhərli almalar daxili bazara çıxarsa, xeyli Azərbaycan vətəndaşı sağlamlıq problemləri yaşayar, hətta xərçəng kimi bir bəlaya mübtəla ola bilərlər.

WhatsApp

Məsələnin son dərəcə təhlükəli hal aldığını nəzərə alaraq bir daha Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzliyə ünvaladığımız, natamam cavablandırılan informasiya sorğusunu təkrar edirik.

Azərbaycan vətəndaşlarının qida təhlükəsizliyinə cavabdeh Agentliyin sorğumuza adekvat cavab veriləcəyi ümidi ilə sorğunu bir daha diqqətə çatdırırıq.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri cənab Qoşqar Təhməzliyə İNFORMASİYA SORĞUSU (“İnformasiya əldə etmək haqqında” AR Qanununun tələblərinə uyğun olaraq)

Hörmətli Qoşqar müəllim,

“Yeni Müsavat” qəzetinin əməkdaşı olaraq, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 17 oktyabr 2025-ci il tarixli qərarında “pestisid qalığının normadan artıq olması” səbəbiylə ixracına icazə verilməyən və məhv edilməsi tapşırılan alma partiyaları ilə bağlı ictimai əhəmiyyət kəsb edən məlumatların dəqiqləşdirilməsi məqsədilə aşağıdakı suallara rəsmi cavab verilməsini xahiş edirəm.

Mətbuat orqanlarına məlumat verildiyinə görə:

– Ümumi çəkisi 163,4 ton olan alma partiyaları “Fueqo” MMC-yə və fiziki şəxs İlkin Cahan oğlu Həsənova məxsusdur;

– Həmin alma məhsulları Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyevlə əməkdaşlıq etdiyi iddia edilən “Food City Agrocomplex”də saxlanılır;

– Sınaq nəticələrinə əsasən, partiyalarda aşkar olunmuş pestisid qalıqları “Codex Alimentarius” standartlarında müəyyən edilmiş maksimal səviyyəni aşır;

– Agentliyin qərarına görə, məhsulun 1 ay ərzində məhv edilməli olduğu göstərilsə də, almaların hələ də məhv edilmədiyi bildirilir;

– Yaranmış vəziyyətin daxili bazara təhlükəli məhsul çıxarılması riski yaratdığı vurğulanır.

Yuxarıdakıları nəzərə alaraq, aşağıdakı suallar üzrə rəsmi məlumat verilməsini xahiş edirəm:

1. Agentliyin 17 oktyabr 2025-ci il tarixli qərarında göstərilən zəhərli alma partiyaları hazırda harada və hansı şəraitdə saxlanılır?

Onların AQTA-nın nəzarətində saxlanılması üçün hansı prosedur tətbiq olunur?

2. Qərarda göstərilən “1 ay ərzində məhv edilmə” tələbi yerinə yetirilibmi?

Əgər yerinə yetirilməyibsə, gecikmənin səbəbləri nədir?

3. Həmin məhsulların potensial olaraq daxili bazara çıxarılması ilə bağlı AQTA-ya məlumat və ya siqnallar daxil olubmu?

Daxili bazara çıxarılma riski qiymətləndirilirmi və bunun qarşısının alınması üçün hansı tədbirlər görülüb?

4. Məhv etmə prosesi hansı mexanizm üzrə həyata keçirilməlidir?

Bu prosesdə AQTA-nın, məhsul sahibi olan şəxslərin və saxlanıldığı müəssisənin (o cümlədən “Food City Agrocomplex”in) hansı öhdəlikləri var?

5. Saxlanılan alma məhsullarının məhv edilməsinin gecikməsi ictimai sağlamlıq üçün risk yaradırsa, Agentlik tərəfindən təcili tədbir görülməsinə dair qərar qəbul edilibmi?

6. Qeyri-standart və pestisidlə çirklənmiş məhsulların satılması və ya dövriyyəyə buraxılması cəhdi aşkar edilərsə, məsul şəxslər (hüquqi və fiziki) barəsində hansı inzibati və ya cinayət məsuliyyəti nəzərdə tutulur?

7. Məlumatlarda adı hallanan şəxslər – İlham Əlisəftər oğlu Əliyev və İlkin Cahan oğlu Həsənov – tərəfindən Agentliyə hər hansı müraciət, şikayət və ya izahat təqdim olunubmu?

AQTA sədri Qoşqar Təhməzlinin verəcəyi cavabı da təqdim edəcəyik.

Xatırladaq ki, almalar İlkin Cahan oğlu Həsənov tərəfindən Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevdən satın alınıb. Sahibkar 200 tona yaxın almanı Türkiyəyə göndərmək üçün pulunu ödəyərək satın alsa da, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Quba-Xaçmaz regional bölməsi “Qida və yem məhsullarına ixrac sağlamlıq sertifikatının verilməsindən imtina olunması” barədə qərar verib.

17 oktyabr 2025-ci il tarixli qərarda göstərilir ki, almalarda aşkar edilən pestisid qalığı miqdarı Azərbaycan Respublikasının 2011-ci ildə qoşulduğu “Codex Alimentarius” standartlarında müəyyən edilmiş maksimal qalıq səviyyəsini aşır. Məhsulun qida dövriyyəsinə buraxılması və satışına yol verilmədiyi xüsusi vurğulanıb, almaların məhv və ya utilizasiya olunması göstərişi verilib. Almaların Türkiyəyə göndərilməsinin qarşısı alınsa da, onların bu günə qədər məhv edilmədiyi barədə məlumat var. Halbuki, AQTA qərarına görə, zəhərli almalar 1 ay ərzində məhv edilməlidir.

Qərarın verilməsindən 1 ay 10 gün ötür və zəhərli almalar hələ də məhv edilməyib!

Mövzuya qayıdacağıq.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Seçilən
65
5
musavat.com

10Mənbələr