AZ

​​​​​​​RDY: Şimal–Cənub dəhlizində böyük potensial görürük

Şimal–Cənub nəqliyyat dəhlizinin Rusiya, Azərbaycan və İranı əhatə edən qərb qolu üzrə konteyner daşımaları bu il 1,6 dəfə artıb.

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən MDB ölkələrinin Dəmir Yolu Nəqliyyatı Şurasının iclası çərçivəsində “Rusiya Dəmir Yolları” (RDY) ASC-nin baş direktoru və İdarə Heyətinin sədri Oleq Belozyorov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, qeyd olunan marşrutla hazırda 6 558 konteyner daşınıb. Şimal–Cənub dəhlizinin şərq qolu üzrə də daşımalar iki dəfə artıb, lakin hələlik göstəricilər daha aşağıdır.

Belozyorov bildirib ki, dəhliz üzrə böyük potensial mövcuddur və bütün texnoloji elementlərin inteqrasiyası vacibdir. Buna infrastruktur, idarəetmə sistemləri, eləcə də məlumat və sənədləşmə proseslərinin modernləşdirilməsi daxildir.

O qeyd edib ki, Rusiya və Azərbaycan arasında rəqəmsal məlumat ötürülməsinə imkan verən ikitərəfli müqavilələr artıq imzalanıb və bu, sənədləşmə yükünü azaldaraq emal sürətini artıracaq.

“Hazırda Rusiya, Azərbaycan və İran arasında Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə üçtərəfli müqavilənin imzalanması üzərində də işləyirik”, — Belozyorov əlavə edib.

Seçilən
55
1
apa.az

2Mənbələr