Hindistan bankları Rusiya neftinin idxalı üçün ödəniş etməyə hazırdır, lakin iki şərtlə. Bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Birinci şərtə görə, karbohidrogen qara siyahıya daxil edilməmiş satıcılardan gəlməlidir. İkinci şərt isə əməliyyatların sanksiyalara uyğun olmasıdır. Agentliyin qeyd etdiyi kimi, bu yanaşma bir neçə həftə əvvəlki vəziyyətdən fərqlənir, o zaman banklar tədarük zəncirinin yoxlanılmasında çətinliklər səbəbindən istənilən Rusiya yükünə görə ödəniş etməkdən çəkinirdilər. İndi, mənbələrin bildirdiyinə görə, əməliyyatlar BƏƏ dirhəmləri və yuanla həyata keçirilə bilər. Bundan əlavə, alınan neftin hasil edildiyi yerlər və onun daşınması üçün istifadə olunan gəmilər daha ciddi yoxlanılacaq. Son tədbirə gəldikdə, bu, gəmilərin tarixinin, o cümlədən qara siyahıya daxil edilmiş hər hansı bir təşkilatla əlaqəli olan tankerdən tankərə neftin köçürülməsində iştirakı ilə bağlı təhlili nəzərdə tutur.
"Bloomberg"in məlumatına görə, Rusiya Hindistana "Urals" neftini misli görünməmiş endirimlə satmağa başlayıb. Belə sərfəli şərtlər, ABŞ sanksiyaları səbəbindən Hindistanın neft emalı zavodlarının əksəriyyətinin Rusiyadan neft almaqdan imtina etməsi ilə izah olunur.
Almaz Həsənli