AMEA Nəsimi adına Dilçilik İnstitutunda keçirilən “Orfoqrafiya lüğəti”nin yeni nəşri ilə bağlı geniştərkibli iclasda bu fundamental qaynağın yenilənməsinin zəruriliyi, görülən işlər və texniki hazırlıq məsələləri ətraflı müzakirə olunub.
İnstitutun direktoru, professor Nadir Məmmədli bildirib ki, “Orfoqrafiya lüğəti”nə Prezident İlham Əliyevin AMEA-dakı çıxışında səslənən tələblər çərçivəsində yenidən baxılır. Yeni nəşrin hazırlanmasında 2021-ci ildə çap olunmuş “Orfoqrafiya lüğəti” əsas baza kimi qəbul edilib. Əvvəlki illərdən fərqli olaraq, bu təkmil nəşrdə Dilçilik İnstitutunun “Dil korpusu” bazasından da geniş istifadə olunub, sözlərin işlənmə tezliyi nəzərə alınıb. Korpusəsaslı yanaşma lüğətdə normativ qaydaların daha dəqiq müəyyənləşdirilməsinə və lüğətin əsaslarının gücləndirilməsinə imkan verir.
Professorlar Məsud Mahmudov, İlham Tahirov, İsmayıl Məmmədli, filologiya elmləri doktorları Qətibə Quliyeva və Şəbnəm Həsənli-Qəribova, dosent Fidan Salayeva, filologiya üzrə fəlsəfə doktoru İmanyar Quliyev lüğətin yenidən işlənməsi ilə bağlı rəy və təkliflərini söyləyiblər. Lüğətdə mövcud texniki uyğunsuzluqların aradan qaldırılması, yeni sözlərin əlavə olunması, müasir dil faktlarına uyğunlaşdırma və elektron baza üçün strukturlaşdırma kimi məsələlər müraciət zamanı diqqət mərkəzində olub. Alimlər “Orfoqrafiya lüğəti”nin növbəti nəşrinin müasir elmi-praktik tələblərə cavab verməsi, dil normalarının daha dəqiq müəyyən olunması və cəmiyyət üçün əlçatan şəkildə təqdimatı istiqamətində işlərin ardıcıl davam etdirildiyini vurğulayıblar.
XQ