AZ

Həcc hazırlıqları erkən başladıldı - iradlar var, süni ajiotaj yaratmaq, ya nə?


Tural İrfan: “Ziyarətə maraq yaratmaq, getmək istəyənlərdə təşviş yaradaraq tələsdirmək üçün belə bir açıqlama veriblər”

Həcc ziyarəti üçün hazırlıq prosedurlarına daha erkən başlanılıb. Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyi Həcc ziyarəti üçün öncəlikli hazırlıqlar prosedurlarının daha erkən başlanması üçün yeni işlər görür.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin yaydığı məlumatda qeyd edilir ki, bu il nazirlik dünyadakı bütün Həcc missiyalarına ötən Həcc ziyarətindən qısa müddət keçdikdən sonra növbəti Həcc ziyarəti üçün sənəd qəbulunun başlanması barədə göstərişlər verib: “Müvafiq olaraq vizaların verilməsi proseduru da çox erkən başladılaraq, Ramazan ayının sonunadək bitirilməsi bildirilir. Həccə niyyəti olan vətəndaşlarımızdan xahiş edirik, vaxtın genişliyinə baxmasınlar, yerlər bitmədən gəlib qeydiyyata alınsınlar".

Həcc ziyarəti üçün hazırlıqlara erkən başlanılması ictimaiyyət arasında bir sıra fikirlərə səbəb olub. İddia edilir ki, Həcc ziyarəti ilə bağlı süni ajiotaj yaratmaq üçün erkən hazırlıqlara başlanılıb. Məlumdur ki, Həcc ziyarəti ilə bağlı konkret sayda kvota var. Belə olan halda yerlər dolandan sonra kvota artırmaq söhbəti olmur və Səudiyyə Ərəbistanı Krallığı heç kimə artıq kvota vermir. Bu səbəbdən camaat arasında dolanan söhbət həqiqəti əks etdirə bilərmi? Ümumiyyətlə, erkən hazırlıqların əsl səbəbi nədir?

“Həccə erkən hazırlıqların Səudiyyə hökuməti ilə bağlı digər səbəbləri də ola bilər ki, bu barədə də yalnız onların aidiyyəti qurumu bəyanat verməlidir”

İlahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Həcc əslində ibadətdir. Amma onu ziyarət kimi təqdim edirlər, olsun: “Onsuz da bu ibadət daha ibadət olmaqdan çıxıb, həqiqətən də ziyarət, turizm səfərinə çevrilib. Məlumdur ki, Həcclə bağlı qərarlar Səudiyyə Ərəbistanının müvafiq qurumu tərəfindən elan olunur, ölkələr üzrə kvotanı da onlar bölüb müəyyən edir. Burada bizim qurumları təqsirləndirmək doğru olmazdı. Əslində qiymət artımı məsələsi də Səudiyyə Ərəbistanının aidiyyəti nazirliyinin qərarına əsasən baş verir. Ola bilsin, maraq yaratmaq, getmək istəyənlərdə təşviş yaradaraq tələsdirmək üçün belə bir açıqlama veriblər. Süni ajiotaj yaradaraq müştəri artımına şərait yaratmaq üçün ola bilər. Hər halda, bu ibadətin icrası artıq dini tələblərə uyğun olmaqdan çıxıb və ticarət, biznes, turizm hadisəsinə çevrilib. Əgər Həcci təşkil edən ölkə belə qərar veribsə bunun əsl səbəbini də onlar izah etməli, açıqlama verməlidirlər. Ümumiyyətlə, Səudiyyə Ərəbistanı Həccin qiymətini qaldırmaqla yalnız imkanlı, kübar, biznes imkanları geniş olan təbəqəni cəlb etmək, kasıb və sadə müsəlmanları bu mərasimdən tədricən uzaqlaşdırmaq istəyir. Bütün bu məsələlər də ona görədir. Hər bir metodu təcrübədən keçirirlər. Həccə erkən hazırlıqların Səudiyyə hökuməti ilə bağlı digər səbəbləri də ola bilər ki, bu barədə də yalnız onların aidiyyəti qurumu bəyanat verməlidir”.

Günel CƏLİLOVA

Seçilən
7
baki-xeber.com

1Mənbələr