AZ

Peşəkar güləşçi, təcrübəli məşqçi

Namiq Mustafayev 1971-ci il noyabrın 20-də Qərbi Azərbaycanda - Ağbaba mahalı Amasiya rayonunun Yeniyol kəndində anadan olmuşdur. O, beşinci sinfə kimi kənd orta məktəbində təhsil almış, 1982-ci ildə isə valideynləri ilə birlikdə Bakıya köçmüşdür. 

Paytaxtda təhsilini 114 saylı  orta məktəbdə davam etdirən Namiq fiziki göstəricilərinə görə güləş müəllimi Əli Paşayevin diqqətini cəlb etmiş və  "Neftçi" İdman Sağlamlıq Mərkəzinə dəvət almışdır. Burada idmanın sirlərini öyrənməyə başlayan Namiq qısa müddətdə güləşin yunan-Roma növündə yüksək nəticələr qazanaraq, Azərbaycanın ən perspektivli güləşçilərindən birinə çevrilmişdir. O dəfələrlə müxtəlif yaş qruplarında  Azərbaycan birinciliyinin qalibi, 1986-1989-cu illərdə "SSRİ çempionu", Kuba, Yunanıstan, İranda keçirilmiş beynəlxalq turnirlərin və Qran-prilərin qızıl medalçısı və mükafatçısı olmuşdur. 

Əldə etdiyi nailiyyətlər sayəsində o, adını Azərbaycanın güləş tarixinə yazdırmış, müxtəlif yaş qruplarında və çəki dərəcələrində daim sabit çıxışları ilə seçilmişdir. Peşəkar güləş karyerası ərzində istər texniki hazırlığı, istərsə də güləş  üslubu ilə məşqçilərin və idman ictimaiyyətinin rəğbətini qazanan Namiq 1988-ci ildə "SSRİ idman ustası" adına layiq görülmüşdür.

2002-ci ildə Azərbaycan çempionatında növbəti dəfə qızıl medal qazanan güləşçi  idmançı karyerasını başa vurmuş və təcrübəsini gənclərin hazırlığına yönəldərək yunan-Roma güləşi üzrə məşqçi kimi fəaliyyətə başlamışdır.  Moskva Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alan Namiq Mustafayev məşqçi kimi şöhrət qazanmışdır. 

Hazırda "Neftçi" İdman Sağlamlıq Klubunda çalışan Namiq Mustafayev yetirmələrinin yüksək səviyyədə inkişafına xüsusi diqqət yetirən məşqçi kimi tanınır. Azərbaycan güləşinin tərəqqisinə töhfə verməyi qarşısına məqsəd qoyan məşqçi bu vəzifənin öhdəsindən layiqincə gəlir. Məşqçilik dövründə tələbələri dəfələrlə Azərbaycan çempionatlarının, Avropa və dünya birinciliklərinin qalibləri və mükafatçıları olmuşlar.

Azərbaycan güləşinin inkişafına böyük  töhfə verən tanınmış mütəxəssis Namiq Mustafayev bir müddət öncə "Əməkdar məşqçi" fəxri adına layiq görülmüşdür.

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Seçilən
15
azerbaijan-news.az

1Mənbələr