AZ

1-ci Türkologiya qurultayının yarımçıq kəsilmiş missiyası - İlham Əliyev vəzifə qoydu...


Azər Həsrət: “Türk xalqlarının ortaq əlifbaya, ortaq latın əlifbasına keçməsi prosesi tamamlanmayıb”

2026-cı ildə 100 illiyi keçiriləcək Birinci Türkoloji Qurultayın türk xalqlarının mədəni inteqrasiyası məsələləri ilə bağlı yarımçıq qalmış işlərinin QHT-lərin yaxından iştirakı ilə müasir çağırışlara uyğun davam etdirilməsi də xüsusi aktuallıq kəsb edir.

Bu fikirlər Prezident İlham Əliyevin Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun iştirakçılarına müraciətində yer alıb.

Maraqlıdır, türk xalqlarının mədəni inteqrasiyası məsələləri ilə bağlı yarımçıq qalan nə işlər var? Burada söhbət hansı işlərdən gedə bilər?

“Ortaq tarix, ortaq mədəniyyət, ortaq milli kimlik məsələləri də hələ ki, açıq qalır”

Sözügedən məsələyə aydınlıq gətirən siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Bakıda 1926-cı il fevralın 26-dan martın 6-na qədər keçirilmiş və 131 nəfər alimin iştirak etdiyi Birinci Türkoloji qurultayda türk xalqlarının mədəni, irsi, tarixi və s. istiqamətlərdə inteqrasiyası, digər məsələlərlə bağlı müzakirələr aparılıb. Həmin qurultayın bir nömrəli məsələsi türk xalqlarının yeni əlifbaya keçidi idi. Yəni latın əsaslı türk əlifbasına keçid idi. Həmin proses 1926-cı ildə alınan qərarla həyata keçirildi. 1929-cu ildə artıq türk xalqları latın əlifbasına keçdilər. Təəssüflər olsun ki, sonrakı mərhələdə - 1938-1939-cu illərdə SSRİ rəhbərliyi ölkə ərazisində latın əlifbasını qadağan etdi. Türk xalqları məcburən kiril əlifbasını seçdilər. Bir sözlə, bu proses 1991-ci ilin sonuna qədər, yəni SSRİ dağılana qədər davam etdi. Ondan sonra müstəqillik qazandıq, Azərbaycan, Türkmənistan ilk ölkələr olaraq latın əlifbasına keçdi. Qazaxıstan və Özbəkistan da bu istiqamətdə qərarlar qəbul edib, lakin proses tam yekunlaşmayıb. Bundan başqa, Rusiyanın işğalı altında olan türk respublikalarında da bu proses rəsmən qadağan edilib. Yəni Rusiya Tatarıstan, Başqırdıstan və işğal etdiyi Krımda belə, latın əlifbasının istifadəsini qadağan edib. Yalnız kirilin istifadəsinə imkan icazə verilib. Bu baxımdan Prezident İlham Əliyevin öz müraciətində vurğuladığı məsələ aktuallığını saxlayır. Yəni türk xalqlarının ortaq əlifbaya, ortaq latın əlifbasına keçməsi prosesi tamamlanmayıb. 1926-cı ildə sözügedən proses başlamışdı, amma hələ də bitməyib və onu tamamlamaq lazımdır. İkinci bir tərəfdən, ortaq tarix, ortaq mədəniyyət, ortaq milli kimlik məsələləri də hələ ki, açıq qalır. Bizim türk dövlətlərinin məktəblərində hər dövlət özünün yazdığı tarix kitabından uşaqlara, tələbələrə dərs keçir. Düzdür, türk akademiyası çərçivəsində ortaq dərsliklərlə bağlı ilkin addımlar atılıb. Ancaq bu da işin tam olaraq başa çatdırılması demək deyil. Təbiidir ki, bu məsələlərin həll edilməsi üçün türk dövlətlərinin ortaq mövqedən çıxış etməsi vacibdir. Məhz bunu nəzərə alaraq Prezident İlham Əliyev müraciətində sözügedən məsələyə ayrıca diqqət yetirir. Təbiidir ki, 1926-cı ildə Birinci Türkoloji qurultayda alınan qərarlar sadəcə mədəni, tarixi və s. inteqrasiya məsələlərini əhatə edirdi, amma bu gün yeni çağırışlar var axı. Türk Dövlətləri Təşkilatı çərçivəsində və ondan kənarda türk xalqlarının iqtisadi inteqrasiyası, siyasi birləşməsi, beynəlxalq platformalarda birgə çıxış etməsi, əzilən, haqları tapdanan türk xalqlarının hüquqlarının ortaq səylərlə qorunması kimi məsələlər də artıq növbəti dövrün yeni çağırışlarıdır. Düşünürəm ki, Prezident İlham Əliyev 100 il öncəyə istinad etməklə, əslində bundan sonra görməli olduğumuz işlərin də konturlarını cızmış oldu”.

Vidadi ORDAHALLI

Seçilən
7
baki-xeber.com

1Mənbələr