Bakı, 25 noyabr, Səbinə Əlizadə, AZƏRTAC
Avrasiyanın inkişaf trayektoriyasında strateji mövqeyə malik Azərbaycan bu gün müxtəlif qlobal güclərin diqqət mərkəzindədir. Azərbaycanın coğrafi mövqeyi, nəqliyyat-kommunikasiya imkanları və formalaşdırdığı praqmatik xarici siyasət xətti ölkənizi regionda irəliləyən geosiyasi və geoiqtisadi proseslərin əsas oyunçularından birinə çevirib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında irlandiyalı tarixçi Patrik Uolş deyib. O bildirib ki, ABŞ-da Tramp administrasiyasının formalaşdırdığı yanaşma əvvəlki dövrlərdən fərqli olaraq daha az ideoloji, daha çox biznes yönümlü xarakter daşıyır.
Tarixçinin sözlərinə görə, Donald Tramp Avrasiyada sürətlə inkişaf edən regionlarda ABŞ-ın iqtisadi iştirakını genişləndirməyə böyük maraq göstərir. “Tramp administrasiyasının məqsədi bölgədə rentabelli iqtisadi əməkdaşlıqdan pay almaqdır. Bu, ABŞ-ın Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətində daha praqmatik siyasət aparmasına imkan yarada bilər”, – deyə o vurğulayıb.
Ekspertin fikrincə, əvvəlki administrasiyanın addımları Rusiya və Çində ciddi narahatlıq doğurmuş, nəticədə kiçik dövlətlərin balanslaşdırılmış xarici siyasət yürütməsini çətinləşdirən mühit yaranmışdı. Əgər ABŞ Ukrayna və Yaxın Şərqdə gərginliyi azalda bilsə, bu, bütün Avrasiya məkanında daha əlverişli mühit formalaşdıracaq.
“Trampın təşəbbüsü ilə yaradılması nəzərdə tutulan “Tramp Körpüsü” müxtəlif maraq qrupları arasında iqtisadi inteqrasiyanı dərinləşdirə, bir-biri ilə ziddiyyət təşkil edən gücləri qarşılıqlı faydalı əməkdaşlıq formatına çəkə bilər. Artıq XXI əsrin əsas hərəkətverici qüvvəsi Asiyanın demoqrafik dinamikasıdır və inkişaf prosesləri də məhz buradan başlanır”, - deyə Patrik Uolş qeyd edib.
O əlavə edib ki, gələcək qlobal rəqabətin ABŞ ilə Çin arasında formalaşacağı ehtimal olunur və bu kontekstdə Vaşinqtonun Avrasiyanın qərb hissəsində strateji dayaq nöqtəsinə malik olması xüsusi əhəmiyyət kəsb edir. “Azərbaycan Çin-Avropa, həmçinin Rusiya-İran istiqamətlərinin kəsişməsində yerləşən unikal geostrateji məkan kimi ABŞ üçün mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən Vaşinqtonun Bakı ilə əməkdaşlığı genişləndirməyə böyük maraq göstərməsi tamamilə təbiidir”, - deyən tarixçi fikrini tamamlayıb.