AZ

Taleh Qaraşov sakinlərin qayğı və problemlərini dinlədi - FOTOLAR

Noyabrın 24-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov qrafikə uyğun olaraq növbəti səyyar görüş-qəbulunu Boladi kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Səyyar qəbulda ŞİH başçısı aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, yerli idarə və təşkilatların nümayəndələri də iştirak ediblər.

"Unikal" xəbər verir ki, icra başçısı ötən səyyar görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə Boladi kəndinin sakinlərinə məlumat verib. Onun sözlərinə görə, yerli icra hakimiyyətinin səlahiyyətləri daxilində olan və ədalətli qaldırılan məsələlər müsbət həllini tapıb. 

Taleh Qaraşov bildirib ki, yerlərdə əhalinin müxtəlif zümrələri ilə görüşlərin keçirilməsi, vətəndaşla sərbəst dialoq mühitinin inkişaf etdirilməsi dövlət başçısının bütün məmurlar qarşısında qoyduğu ən önəmli tapşırıqlardandır. 

İcra başçısı qeyd edib ki, vətəndaşla məmur arasında birbaşa dialoq mühitinin yaradılması, habelə vətəndaşın rahatlığı və məmnuniyyətinin təmin edilməsi istiqamətində son illərdə bir sıra mühüm addımlar atılıb. Belə ki, artıq vətəndaşlar rih.gov.az portalı vasitəsilə rahat və maneəsiz dövlət qurumlarına, o cümlədən Lənkəran ŞİH-ə müraciətlərini edə bilirlər. Taleh Qaraşov Lənkəran ŞİH-nin rəsmi saytı üzərindən də istənilən məsələylə bağlı elektron müraciət etməyin mümkünlüyünü bildirib, XXI əsrin tələbi kimi elektron xidmətlərin əlçatanlığının təmin edilməsinin vətəndaşların vaxt itkisinin qarşısını aldığını, bürokratik əngəllərin aradan qaldırılmasına yardım etdiyini və vətəndaş məmnunluğunun təmin edilməsinə xüsusi töhfə verdiyini vurğulayıb. 

Daha sonra icra başçısı yerli insanlar tərəfindən qaldırılan şəxsi və ümumi problemləri dinləyib, onların həlli istiqamətində müvafiq addımların atılmasını və nəticəsi barədə vətəndaşa qanunamüvafiq müddətdə cavab verilməsinin təmin edilməsini aidiyyəti vəzifəli şəxslərə tapşırıb.

Boladi kəndinin sakinləri onlara göstərilən diqqət və qayğıdan, sərbəst və manesiz müraciət etmək hüquqlarının təmin olunmasından razılıqlarını ifadə ediblər. Yerli insanlar sosial-iqtisadi vəziyyətlərinin günü-gündən inkişaf etdiyinə, məmur-vətəndaş münasibətlərində etimad mühitinin daha da dərinləşməsinə görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını qeyd ediblər.

Seçilən
93
50
unikal.az

10Mənbələr