Xalq qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.
Macar akademik Bakının türk zirvəsində
Gyula Mesaroş Macarıstan Elmlər Akademiyasının tanınmış alimi, türkologiya və etnoqrafiya sahəsində mühüm xidmətləri olan görkəmli macar türkoloqudur. O, XX əsrin əvvəllərində Avropada türk xalqlarının dili, tarixi və mədəniyyəti üzrə nüfuzlu tədqiqatçılardan biri kimi tanınmışdır. Birinci Türkoloji Qurultaya o dövrdə Türkiyə Etnoqrafiya Muzeyinin yaradıcısı kimi Türkiyədə yaşadığından, tədqiqatçıların bildirdiyinə görə, Türkiyədən dəvət olunan nüməyəndələr sırasında qatılmışdır.
Gyula Mesaroş 1883-cü il martın 28-də Macarıstanın Sakç şəhərində anadan olmuşdur. Orta təhsilini burada başa vurduqdan sonra Budapeşt Universitetində Şərq dilləri, xüsusilə türk dilləri üzrə təhsil almış və elmi fəaliyyətini türkologiya istiqamətində davam etdirmişdir. Onun elmi maraqları arasında qıpçaq, tatar, türk və macar dilləri arasındakı əlaqələr, həmçinin Orta Asiya və Volqa-Ural bölgəsindəki türk xalqlarının mədəni əlaqələri xüsusi yer tuturdu.
Macar xalqı ilə türklər arasında əsrlərdən bəri mövcud olan mədəni və tarixi yaxınlıq gənc Mesaroşun da maraq dairəsini müəyyən etmişdir. 1904-cü ildə İstanbula gələrək darülfünunda təhsilini davam etdirən Mesaroş burada türk dilini, folklorunu və adət-ənənələrini dərindən öyrənmiş, Osmanlı ziyalı çevrələri ilə elmi əlaqələr qurmuşdur. 1906-cı ildə təhsilini başa vurduqdan sonra Budapeştə dönən alim artıq türk dilini ana dili səviyyəsində bilirdi. “Yeni Fikir” qəzeti onun haqqında yazırdı: “Professor Mesaroş türk dilini o qədər mükəmməl bilir ki, bir Osmanlı türkündən fərqləndirmək çətindir”.
Elə həmin il Mesaroş Macarıstan Elmlər Akademiyası tərəfindən Kazan və Simbirsk quberniyalarına elmi ezamiyyətə göndərilir. O, tatar və çuvaş xalqlarının dili, folkloru və etnoqrafiyası ilə bağlı tədqiqatlar aparmış, 1908-ci ilə qədər Volqaboyu bölgəsində çalışaraq zəngin materiallar toplamışdır. Professor Gyula Mesaroş 20 il sonra Bakıda keçirilən I Türkoloji Qurultayda Kazan Universitetindən köhnə dostları – akademik Vasili Bartold və professor Nikolay Aşmarinlə yenidən görüşmüşdür.
Macar türkoloqu və folklor tədqiqatçısı professor Gyula Mesaroş Anadolu türklərinin mədəni irsini araşdıran fədakar alim kimi Mustafa Kamal Atatürkün diqqətini cəlb etmişdi. Cümhuriyyətin elanından sonra Etnoqrafiya Muzeyinin yaradılması gündəmə gələndə, Türkiyənin təhsil naziri Həmdullah Sübhi Tanrıver onu Ankaraya dəvət etmişdi. Mesaroş 1924-cü ildə muzeyin elmi əsaslarının hazırlanmasında iştirak etmiş və bu sahədə hesabat hazırlamışdı. O, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultaya Türkiyə Etnoqrafiya Muzeyinin yaradıcısı kimi qatılmışdı.
Qurultayda Mesaroşun əsas məruzəsi türk xalqlarının ortaq dil prinsipləri, fonetik və morfoloji paralellər mövzusunda idi. O, türk xalqlarının dilləri arasında qarşılıqlı anlaşma imkanlarını, xüsusilə latın qrafikalı əlifbaya keçidin elmi əsaslarını dəstəkləmiş və bu prosesi Avropa elminin mütərəqqi addımı kimi qiymətləndirmişdir. O, həmçinin macar dilində türkcə leksik təbəqələrin mənşəyini araşdıraraq, Macarıstanın qədim türk köklərinə dair elmi faktlar irəli sürmüşdür.
Birinci Türkoloji Qurultayda professor Aleksandr Miller, Bəkir Çobanzadə, Artur Zifeldt və digər alimlər macar türkoloqu Gyula Mesaroşun elmi xidmətlərini yüksək qiymətləndirmişlər. Professor Aleksandr Samoyloviç də çıxışında onun başqırd dili və ümumtürk dillərinin tədqiqindəki əvəzsiz rolunu xüsusi vurğulamışdı.
Mesaroş 1957-ci ilin yanvar ayında Nyu-York şəhərində vəfat etmişdir. Professor Asif Rüstəmli yazır ki, vətəndən uzaqlarda, 1957-ci ilin soyuq yanvar ayında Nyu-York şəhərində dünyasını dəyişən professor Mesaroş uzun illər I Türkoloji Qurultayın sonrakı taleyini, dostlarının və həmkarlarının Sovetlər Birliyində başlarına gətirilən müsibətləri, məşəqqətləri ürək ağrısı ilə izləmişdir.
Onun elmi irsi bu gün də Macarıstan və Türk dünyasında türkologiyanın inkişafına töhfə verməkdədir. Gyula Mesaroşun elmi fəaliyyəti türkoloji tədqiqatlarda Macar elminin öncül mövqeyini möhkəmləndirmiş, onun əsərləri türk xalqlarının dil və mədəniyyət tarixinin öyrənilməsində mühüm mənbəyə çevrilmişdir. Gyula Mesaroş – yalnız macar elminin deyil, bütün türk dünyasının dostu, türkologiya elminin beynəlmiləl səviyyədə formalaşmasına xidmət edən dərin zəkalı alimlərdən biri kimi yadda qalmışdır. Bakıda keçirilən Türkoloji Qurultaydakı fəaliyyəti onun adını türk elmi tarixinin ön sıralarına yazmışdır.
Namiq ƏHMƏDOVXQ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.