ain.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Noyabrın 24-də Parisdə Ümumdünya Mədəni və Təbii İrsin Qorunması üzrə 1972-ci il Konvensiyasına Tərəf Ölkələrin Baş Assambleyasının 25-ci sessiyası çərçivəsində UNESCO-nun Ümumdünya İrs Komitəsinin 2025–2029-cu illər üzrə üzvlüyünə keçirilmiş seçkilərdə Azərbaycan Respublikası Komitənin üzvü seçilib.
Ciddi rəqabət şəraitində baş tutmuş seçkilərdə Şərqi Avropa regionu üçün ayrılmış 1 yer uğrunda ölkəmizlə birgə 5 ölkə mübarizə aparıb. Azərbaycan səsvermənin ilk mərhələsində 161 ölkədən 92-nin dəstəyini təmin edərək Komitəyə üzv seçilib.
21 üzv ölkədən ibarət olan Komitə UNESCO-nun Ümumdünya İrs Konvensiyasının həyata keçirilməsinə nəzarəti həyata keçirən əsas icra orqanıdır. Komitənin başlıca vəzifəsi UNESCO Ümumdünya İrs Siyahısının formalaşdırılması, dünya əhəmiyyətli mədəni və təbii irsin tanınması, qorunması və gələcək nəsillərə ötürülməsi üzrə fəaliyyətləri tənzimləməkdir.
Azərbaycan 2015–2019-cu illərdə də Komitənin üzvü olub və onun fəaliyyətlərinə əhəmiyyətli töhfələr verib. 2019-cu ilin iyul ayında Komitənin 43-cü sessiyasına ölkəmiz ev sahibliyi edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.