Hər bir ölkənin dövlət büdcəsi onun iqtisadi inkişafının təməl daşı və hökumətin iqtisadi siyasətinin əsas göstəricisidir. O yalnız maliyyə resurslarının idarə olunması ilə bağlı bir sənəd olmaqla kifayətlənmir, eyni zamanda dövlətin gələcək iqtisadi strateji planlarını, prioritetlərini və xalqın rifahını təmin etmək üçün həyata keçirəcəyi tədbirləri əks etdirən iqtisadi konsepsiyadır. Büdcə hökumətin iqtisadi siyasətini, sosial proqramlarını və dövlətin inkişaf strategiyasını həyata keçirmək üçün ayrılan maliyyə mənbəyidir.
Müstəqillik tarixinin qürurlu illərini yaşayan, son 5 ildə qlobal nüfuzu, iqtisadi qüdrəti və hərbi gücü daha da artan Azərbaycan 2025-ci ilə artıq uğurla yekun vurmaqdadır. Hər ilin sonunda Milli Məclis növbəti ilin dövlət büdcə zərfinə aid qanun layihələrini müzakirəyə çıxararaq təsdiqləyir və hökumətin növbəti ildəki əsas hədəfləri bəlli olur.
Əlbəttə ki, Azərbaycan Respublikasının dövlət büdcəsi ölkə vətəndaşlarının həyat səviyyəsini yüksəltmək və sosial-iqtisadi inkişafı təmin etmək məqsədini güdür. 2025-ci ilin iqtisadi göstəricilərinə əsaslanaraq deyə bilərik ki, 2026-cı ildə də Azərbaycan bütün sahələrdə uğurlu nəticələr əldə edəcək.
22 ildə iqtisadi yüksəliş dinamikasının bariz təcəssümü
Ötən həftə Milli Məclisdə "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsi birinci oxunuşda müzakirə edilərək qəbul olundu. Təqdimat zamanı hökumət üzvlərinin ortaya qoyduqları real iqtisadi göstəricilərə və maliyyə əsaslandırmalarına istinadən demək olar ki, növbəti ildə də dövlət büdcəsindən səmərəli istifadə olunacaq.
Gələn il üçün dövlət büdcəsinin gəlirləri 38,6 milyard manat və xərcləri 41,7 milyard manat məbləğində proqnozlaşdırılıb. Bu, suverenliyini tam təmin etmiş Azərbaycanın ən böyük büdcəsidir. Nəzərə almalıyıq ki, bu göstərici son 22 ildə əldə edilmiş iqtisadi uğurların nəticəsidir. 2003-cü ildə dövlət büdcəsinin gəlirləri 2 milyard 220,9 milyon manat, valyuta ehtiyatları 1,6 milyard dollar olan ölkənin bu gün 40 milyard manata yüksələn büdcəsi, 82,5 milyard dollar olan valyuta ehtiyatları, son 22 ildəki yüksəlişin real təcəssümüdür.
Ümumiyyətlə, büdcənin göstəriciləri həm də dövlətin sosial-iqtisadi yüksəlişini və bu inkişafın dinamikasını əks etdirir. Azərbaycanın dövlət büdcəsi hər il inkişaf tempinə uyğun olaraq yüksəlib və Cənubi Qafqazda büdcəsinin gəlir və xərclərinin yüksəkliyinə görə dövlətimiz liderdir.
Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyası ötən dövrdə ölkəmizin makroiqtisadi sabitliyini qorumağa imkan verib.
Milli Məclisin Sədri Sahibə Qafarovanın büdcə müzakirələri zamanı söylədiyi kimi, mürəkkəb beynəlxalq konyunkturaya baxmayaraq, iqtisadiyyatımızın dayanıqlılığı və ardıcıl inkişafı təmin edilib. Cənubi Qafqaz bölgəsinin lider dövləti kimi Azərbaycanın iqtisadi müstəqilliyi möhkəmlənib. Qeyri-neft sektorunun artımı, ixrac potensialının genişlənməsi, energetika sisteminin fəal surətdə modernləşdirilməsi və "yaşıl enerji" layihələrinə yeni sərmayələrin qoyulması təsdiq edir ki, iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla davam etdirilir.
Sözü imzası qədər keçərli olan, nəyi nə zaman edəcəyini hər kəsdən yaxşı bilən möhtərəm Prezident İlham Əliyev hələ illər öncə vurğulayırdı ki, iqtisadiyyatımız nə qədər güclü olsa, siyasi addımlarımız da o qədər cəsarətli və uğurlu olacaq. İqtisadi müstəqillik siyasi müstəqillik üçün əsas şərtdir. Son illərdə dünya iqtisadiyyatında yaşanan qlobal problemlər, siyasi gərginliklər, hərbi münaqişələr, müharibələr, toqquşmalar bir daha onu deməyə əsas yaratdı ki, istənilən sahədə qalib gəlməyin əsas şərtindən biri iqtisadi müstəqillikdir. İqtisadi güc bütün sahələrdə qalib gəlməyin bazisidir.
Bütün bunlar Azərbaycanın dövlət başçısının nə qədər uzaqgörən diplomat olduğunu söyləməyə bir daha əsas verir. Prezident İlham Əliyev təkcə Azərbaycan və Qafqazda deyil, dünya miqyasında qəbul olunan, qlobal liderliyi etiraf edilən dövlət başçısıdır. Bu gün dünyada elə bir beynəlxalq toplantı, forum, konfrans yoxdur ki, Azərbaycan Prezidenti oraya dəvət edilməsin və müasir çağırışlar, qlobal problemlərin həlli yolları ilə bağlı öz təkliflərini səsləndirməsin. Bu da əlbəttə ki, ilk növbədə, cənab İlham Əliyevə göstərilən böyük etimad və diqqət, Azərbaycanın artan beynəlxalq nüfuzunun bariz təcəssümüdür.
Sosial dövlətin sosialyönümlü büdcəsi
Bu bir həqiqətdir ki, Azərbaycanın dövlət büdcəsi bütün dövrlərdə sosialyönümlü olub. Çünki ölkəmizdə sosial sahəyə hər zaman böyük diqqət yetirilir. İnsanların rifah halının daha da yaxşılaşdırılması, əhalinin gəlirlərinin artırılması üçün lazımi tədbirlər görülür.
Qlobal çağırışların gücləndiyi şəraitdə Azərbaycan nəinki maliyyə intizamını qoruyub saxlayıb, həm də büdcə gəlirlərinin artımını, büdcə xərclərinin sosial yönümünü və maliyyə ehtiyatlarının möhkəmlənməsini təmin edib.
Gələn ilin büdcə zərfinin əsas xüsusiyyətlərindən biri, ənənəvi olaraq, onun sosial xarakteri ilə bağlıdır. Belə ki, sosialyönümlü xərclər 17,1 milyard manat olmaqla dövlət büdcəsi xərclərinin 41 faizini təşkil edəcək.
Ümumilikdə götürdükdə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən xərclər üçün gələn ilin dövlət büdcəsində 4,9 milyard manat vəsait nəzərdə tutulur. Bu, 2025-ci ilə nisbətən 121 milyon manat, 2024-ci ilin icra göstəricisinə nisbətən isə 722 milyon manat çoxdur. Cari illə müqayisədə 151 milyon manat artımla proqnozlaşdırılan sosial müavinətlərə, təqaüdlərə və digər sosial ödənişlərə 2,8 milyard manat vəsait sərf ediləcək. Keçmiş məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclər növbəti ildə 285 milyon manat proqnozlaşdırılır.
Prezident İlham Əliyevin sosial sahədə siyasətinin mərkəzində insan amili durur. Bunun nəticəsidir ki, son illərdə sosial müdafiə sistemində ardıcıl və dərin islahatlar həyata keçirilir. 2018-2025-ci illər ərzində həyata keçirilən 5 böyük sosial islahat paketi 4 milyon vətəndaşı əhatə edib və ayrılan illik əlavə vəsait 7 milyard 600 milyon manat təşkil edib. Bu dövrdə minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya 2,9 dəfə, orta aylıq əməkhaqqı 2 dəfə, orta aylıq pensiya 2,6 dəfə artıb. Dövlət sosial müavinət və təqaüd ödənişləri 5 dəfə artaraq 1,9 milyard manata yüksəlib. Ünvanlı sosial yardımın orta məbləği 2,5 dəfə, yaşayış minimumu 65 faiz, ehtiyac meyarı isə 2,2 dəfə artırılıb. Ötən müddət ərzində əmək müqavilələrinin sayı 41 faiz artaraq 1 milyon 851 minə çatıb. Ölkə üzrə əməkhaqqı fondu 3,2 dəfə artıb. Bunun da böyük hissəsi özəl sektorun payına düşüb.
Postmüharibə dövründə şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsi diqqət mərkəzində olub, 132 min unikal şəxsə 400 mindən çox xidmət göstərilib. Bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan müavinət və təqaüdlər orta hesabla 2 dəfədən çox artırılıb. Bu dövr ərzində şəhid ailələri, müharibə əlilləri və həssas təbəqədən olan digər şəxslərə 6 min 800 mənzil verilib, 28 min nəfər məşğulluq tədbirlərinə cəlb edilib, 11 min nəfərə 89 min sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri göstərilib.
2026-cı ilin dövlət büdcəsindən səhiyyə xərcləri üçün 2 milyard manat vəsait ayrılacaq ki, bu da 2024-cü ilin icra göstəricisinə nisbətən 11 faiz çoxdur. Bütövlükdə, gələn il üçün icmal büdcədən səhiyyə xərclərinə cəmi 3,7 milyard manat vəsait ayrılacaq. Təhsil və elm xərclərinə 5,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Növbəti ildə dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə təhsil alanların sayı 150 min nəfərə, təqaüd alanların sayı isə 121 min nəfərə çatacaq.
Gələn il üçün əlilliyi olan, valideyn himayəsindən məhrum olmuş, şəhid ailələri və müharibə veteranı statusu almış güzəştli kateqoriyaya aid olan 18,5 min tələbənin təhsil və təqaüd xərcləri üçün 42 milyon manat vəsait proqnozlaşdırılır.
Prezident İlham Əliyevin müəllifi olduğu "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də qeyd edilir ki, davamlı və yüksək iqtisadi artım dinamik və inklüziv cəmiyyətin formalaşmasına xidmət göstərir, hər bir vətəndaş öz həyatında bu inkişafı hiss etməlidir. İnsanların sosial statusundan və yaşadığı ərazidən asılı olmayaraq, iqtisadi imkanlara çıxışı bərabər və ədalətli olmalıdır.
Əminliklə deyə bilərik ki, əvvəlki illərdə olduğu kimi, 2026-cı ildə də sosial siyasət prioritet olacaq.
Müdafiə və milli təhlükəsizlik məsələləri əsas prioritet kimi müəyyən edilib
Növbəti ilin büdcə zərfi həm də təhlükəsizlik sənədidir. Layihədə müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə 8,7 milyard manatın ayrılması nəzərdə tutulur.
Təbii ki, dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərclərinin müəyyən edilməsi Azərbaycanın milli təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından zərurətdir. Bu rəqəm ölkə təhlükəsizliyinin təmin olunması, ordunun modernləşdirilməsi və yeni geosiyasi reallıqlara uyğun müdafiə konsepsiyasının gücləndirilməsi üçün mühüm maliyyə əsasını şərtləndirir.
5 il öncə İkinci Qarabağ savaşında şanlı Zəfərin əldə edilməsinin əsas səbəblərindən biri Azərbaycanın dünyanın ən güclü ordularından birinə sahib olması idi. Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasi hakimiyyətinin 17-ci ilində elə bir silahlı birləşmələr formalaşdırmışdı ki, həmin hərbi güc istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir idi. Azərbaycan bu savaşla hərb tarixində ilk smart müharibə aparan dövlət kimi dünyada tanındı.
Lakin bu gün regionda yeni reallıqlar yaranıb və onun əsasını sülh təşkil edir. Yəni Cənubi Qafqazdakı sülhün təminatçısı Azərbaycandır. Ona görə də təhlükəsizlik sahəsində hər hansı boşluğun hiss edilməsi dərhal ölkəmizə qarşı təzyiqlərin artmasına gətirib çıxara bilər.
Məhz buna görə 2026-cı il büdcəsində müdafiə və milli təhlükəsizlik məsələləri əsas prioritet kimi müəyyən edilib və 5 milyard manat həcmində vəsait müdafiə təyinatlı layihələrin icrasına yönəldilib. Bu vəsait ordunun təchizatının, hərbi sənayenin modernləşdirilməsinin və yeni hərbi-texnoloji imkanların tətbiqinin genişləndirilməsinə xidmət edir.
Böyük qayıdış proqramı uğurla davam etdiriləcək
Növbəti ildə əsas hədəflərdən biri işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması, "Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın uğurla icrasıdır. Növbəti ildə büdcə xərclərinin 8,4 faizinə bərabər, yaxud 3,5 milyard manat məbləğində vəsaitin məhz bu istiqamətlərə xərclənəcəyi nəzərdə tutulur.
2020-ci ilin sonundan etibarən yenidənqurma və quruculuq işlərinə hər il dövlət büdcəsinin imkanları səfərbər edilərək cari ilin əvvəlinə 17,6 milyard manat vəsait xərclənib. Bu ilin sonuna isə bu xərclərin 22 milyard manata çatması gözlənilir. 2026-cı ilin büdcə layihəsi və sonrakı üç il üzrə xərclər çərçivəsi də, ilk növbədə, bu istiqamət üzrə maliyyə təminatının yaradılmasını nəzərdə tutur.
Azərbaycanın 2025-ci il və ortamüddətli dövrdə büdcə siyasəti qarşısında duran prioritet istiqamətlərindən biri də cənab Prezidentin 5 iyun 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda müəyyən olunmuş tədbirlərin icrasından ibarətdir. Məhz bu məqsədlə gələn ilin dövlət büdcəsi layihəsində Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 483 milyon manat məbləğində nəzərdə tutulub.
Göründüyü kimi, büdcə zərfinə daxil olan məsələlərin müzakirəsi zamanı səslənən rəqəmlərə əsaslanaraq bir daha deyə bilərik ki, 2026-cı ilin dövlət büdcəsi ölkəmizin sosial-iqtisadi inkişaf dinamikasını əks etdirir və iqtisadi sabitliyin daha da möhkəmləndirilməsinə, insanların sosial müdafiəsinin gücləndirilməsinə yönəlib.
Daha möhtəşəm gələcəyə doğru...
Azərbaycan Respublikası son 22 ildə böyük inkişaf yolu keçib və bu dövrün əsas arxitektoru Prezident İlham Əliyevdir. Dövlət başçısının həyata keçirildiyi müstəqil siyasət Azərbaycanı dünyada yalnız iqtisadi və siyasi sahələrdə deyil, həm də beynəlxalq aləmdə möhkəm mövqe tutan qüdrətli dövlətə çevirməyə müvəffəq olub.
2026-cı il üçün dövlət büdcəsi qəbul edildikdən sonra, ölkənin iqtisadi inkişafına və sosial rifahına dair gözləntilər daha da artıb. Builki büdcənin əsas hədəfləri, ölkənin iqtisadiyyatı üçün dayanıqlı və uzunmüddətli inkişafı təmin etmək, sosial sahələri gücləndirmək və infrastruktur layihələrinin icrasını sürətləndirməkdir. 2026-cı il üçün dövlət büdcəsinin ümumi həcmi, iqtisadi artım və gələcək perspektivlər baxımından ciddi əhəmiyyət kəsb edir.
Azərbaycanın 2026-cı il büdcəsinin əsas məqsədlərindən biri, dövlətin maliyyə siyasətində islahatların dərinləşdirilməsidir. Büdcənin tərkibində, xüsusən sosial sahələrə, səhiyyəyə, təhsilə və infrastruktur layihələrinə ayrılan vəsaitlərdə artım müşahidə olunur. Bu, sosial inkişafın təmin edilməsi və vətəndaşların gündəlik həyatının yaxşılaşdırılması üçün mühüm bir addım kimi qiymətləndirilir.
Büdcədəki ən diqqətçəkən məqamlardan biri, dövlət xərclərinin səmərəli istifadəsinin artırılması və vəsaitlərin daha şəffaf bir şəkildə yönləndirilməsidir. Bu məqsədlə, büdcə təsdiq edilərkən ciddi iqtisadi və maliyyə təhlilləri aparılıb, xərclərin optimallaşdırılması məqsədilə bir sıra tədbirlər görülüb. Bunun nəticəsində, büdcənin defisiti minimuma endirilərək, maliyyə stabilliyi təmin edilib.
2026-cı ilin büdcəsində sosial sahələrə yatırımların artırılması xüsusi yer tutur. Əhalinin rifahının yaxşılaşdırılması məqsədilə təhsil, səhiyyə və sosial müdafiə sahələrinə daha çox vəsait ayrılıb. Bu ilin büdcəsində təhsil və səhiyyə sistemlərinin təkmilləşdirilməsi, keyfiyyətli təhsil və səhiyyə xidmətlərinin göstərilməsi, müasir avadanlıqlarla təchizat və mütəxəssis hazırlığına yönəldilmiş sərmayələr artırılıb.
Eyni zamanda aztəminatlı ailələr və sosial müavinət alan şəxslər üçün maliyyə dəstəyinin artırılmasına, dövlətin sosial siyasətində daha genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə imkan verəcək.
2026-cı il büdcəsində qeyri-neft sektorunun inkişafına daha çox diqqət yetirilir. Xüsusilə, sənaye, kənd təsərrüfatı, informasiya texnologiyaları və turizm sahələrinə sərmayələrin artırılması ilə bu sektorlarda dayanıqlı inkişafın təmin edilməsi nəzərdə tutulur. Bu yanaşma Azərbaycanın iqtisadiyyatını diversifikasiya edərək, neftdən asılılığını azaltmaq və davamlı iqtisadi inkişafı təmin etmək məqsədini güdür.
Həmçinin bu büdcə ilə özəl sektorun dəstəklənməsi və yerli istehsalın stimullaşdırılması üçün vergi güzəştləri və maliyyə təşviq mexanizmlərinin tətbiqi planlaşdırılır. Bu tədbirlər nəticəsində yerli istehsalın artması, iş yerlərinin yaradılması və ümumilikdə iqtisadiyyatın gücləndirilməsi mümkün olacaq.
Azərbaycanın 2026-cı il büdcəsi, infrastruktur layihələrinin sürətləndirilməsi üçün də mühüm bir zəmin yaradır. Yolların, körpülərin və dəmir yollarının yenidən qurulması və genişləndirilməsi, xüsusən də bölgələrdə inkişafın təşviqi məqsədini güdür. Bu infrastruktur layihələri, nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə yanaşı, regionlar arasında əlaqələrin gücləndirilməsi və iqtisadiyyatın daha balanslı inkişafına gətirib çıxaracaq.
2026-cı il büdcəsi, ölkənin gələcək iqtisadi və sosial inkişafı üçün müsbət nəticələr vəd edir. Lakin büdcənin uğurlu icrası yalnız dövlətin iqtisadi siyasətinin düzgünlüyü ilə deyil, həm də iqtisadiyyatın real sektoru, işgüzar mühit və xarici təsirlərdən asılıdır. Dövlətin büdcə strategiyası Azərbaycanı daha da inkişaf etmiş və dayanıqlı bir iqtisadiyyatla gələcəyə aparmağı hədəfləyir.
Bu ilin büdcəsi, iqtisadi və sosial sahələrdə davamlı inkişafın təmin edilməsində mühüm bir mərhələdir və 2026-cı ildə əldə ediləcək uğurlar, Azərbaycanın gələcək illər üçün daha güclü və müstəqil bir iqtisadiyyat qurmasına zəmin yaradacaq. Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatında böyük dönüşlər baş verib.
Dövlət müstəqilliyi dövlətin tarixdə yaşama mərhələsidir. Ona görə də dövlət müstəqilliyi hər bir vətəndaş üçün ən böyük sərvətdir. Zəngin tarixi keçmişə malik xalqımız tarixin müxtəlif dövrlərində azadlığı, dövlət müstəqilliyi uğrunda mübarizələr aparıb.
Ötən ilin dekabrında Prezident İlham Əliyevin 2025-ci ilin ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan edilməsi haqqında imzaladığı sərəncamda da qeyd edilir ki, müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüz illər boyu Azərbaycan xalqının ən böyük arzusu olub. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlayıb, öz ideallarına həmişə sadiq qalıb və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edib.
Müstəqillik və suverenlik millətlərin sahib ola biləcəyi ən qiymətli sərvətdir. Hər bir millətin müstəqillik salnaməsi və suverenlik yolu məhz onun malik olduğu dövlətçilik ənənələrindən, azadlıq düşüncəsindən, milli-mənəvi irsindən, tarixi keçmişindən asılı olaraq əldə edilir və yaşadılır.
Müasir demokratik dövlətdə suverenliyin daşıyıcısı və hakimiyyətin yeganə mənbəyi xalq olduğu üçün konstitusiyalar da xalq tərəfindən, yaxud xalqın adından qəbul edilir. Demokratik hüquqi dövlətdə Konstitusiya nəinki dövlətin habelə xalqın dövlətçilik iradəsini ifadə edən əsas qanundur.
Dövlət müstəqilliyi dövlətin tarixdə yaşama mərhələsidir. Ona görə də dövlət müstəqilliyi hər bir vətəndaş üçün ən böyük sərvətdir. Zəngin tarixi keçmişə malik xalqımız tarixin müxtəlif dövrlərində azadlığı, dövlət müstəqilliyi uğrunda mübarizələr aparıb. Bütün bu uğurlara əsaslanaraq deyə bilərik ki, Azərbaycanın gələcəyinə olan inam məhz möhtərəm Prezident İlham Əliyevin strateji və uzaqgörən siyasətinin nəticəsidir. 2020-ci ilin payızında başlanan Vətən müharibəsi və ardınca əldə edilən böyük qələbə, Azərbaycan xalqının həm milli həm də beynəlxalq səviyyədəki gücünü nümayiş etdirən ən mühüm uğurlardan biridir.
Azərbaycanın daha möhtəşəm bir gələcəyə doğru irəliləməsi, bu günümüzdə olduğu kimi, gələcəkdə də Prezident İlham Əliyevin liderliyinə olan etimad və dəstək üzərində qurulacaq. Azərbaycan onun rəhbərliyi altında həm daxili, həm də beynəlxalq səhnədə daha da qüdrətlənərək, inkişaf etmiş və müstəqil bir dövlət olaraq mövqeyini daha da möhkəmləndirəcək. Bu yolun sonunda Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə daha parlaq və qüdrətli bir gələcəyə qədəm qoyacaq.
Səttar MÖHBALIYEV,
Milli Məclisin deputatı