“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov İran Dəmir Yollarının rəhbəri Cabbar Əli Zakeri ilə görüşüb.
ADY-dən AZƏRTAC-a bildirilib ki, görüşdə ikitərəfli əməkdaşlıq, o cümlədən Astara Terminalının inkişafı, Azərbaycan, Rusiya və İran arasında üçtərəfli münasibətlərin genişləndirilməsi müzakirə edilib.
Qeyd olunub ki, Şimal-Cənub dəhlizi üzrə görülən işlər bu strateji marşrutun mühüm halqalarından olan Azərbaycanın ticarət axınlarını birləşdirən strateji arteriya kimi mövqeyini gücləndirir.
ADY sədri bildirib ki, Şimal-Cənub dəhlizinin Azərbaycandan keçən hissəsinin mühüm seqmenti olan Sumqayıt–Yalama dəmir yolu xəttinin yenidən qurulması ilin sonunadək başa çatdırılacaq. Həmçinin ADY tərəfindən İran ərazisində Astara Terminalının tikintisi 2026-cı ilin 1-ci rübündə tamamlanması planlaşdırılır.
Astara Terminalının layihələndirmə işlərinin 94 faizi, tikinti-quraşdırma işlərinin isə təqribən 82 faizi yekunlaşıb. Gələn il tam gücü ilə işə düşəcək terminal Şimal-Cənub nəqliyyat bağlantısı üzrə yük həcminin artırılmasını və əməliyyatların operativ şəkildə həyata keçirilməsini təmin edəcək.
Bundan başqa, ADY sədri Rövşən Rüstəmov və Estoniya Dəmir Yollarının (“AS Eesti Raudtee”) rəhbəri Kaido Zimmermann arasında görüş keçirilib. Tərəflər qarşılıqlı əməkdaşlığın yüksələn xətlə inkişafından məmnunluq ifadə edib, Azərbaycandan keçən beynəlxalq dəhlizlər üzərindən Çindən Avropaya yük axınının artırılması istiqamətində daha sıx əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Rövşən Rüstəmov Estoniyanın dəmir yolu sahəsində rəqəmsal həllər və ağıllı logistika üzrə təcrübəsinin birgə təşəbbüslər üçün imkanlar yaratdığını, Azərbaycanın Orta Dəhlizlə bağlı strateji mövqeyinin Estoniya və geniş spektrdə Baltik regionu üçün Mərkəzi Asiya və Çinə səmərəli çıxışı təmin etdiyini bildirib.
Qeyd olunub ki, Azərbaycan tərəfindən son dövrlərdə Orta Dəhlizin inkişafını dəstəkləyən mühüm addımlar atılıb. Belə ki, Bakı–Tbilisi–Qars xəttinin yükburaxma gücü illik 5 milyon tona çatdırılıb, Bakı Limanının ADY-yə inteqrasiyası ilə multomodal yükdaşımalar sürətlənib, həmçinin Gürcüstan və Qazaxıstanla əməkdaşlıq çərçivəsində bu dəhlizin inkişafı üçün birgə müəssisə təsis edilib.
Estoniya Dəmir Yollarının rəhbəri Kaido Zimmermann görülən işləri yüksək qiymətləndirib, ADY ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib.
Tərəflər daha geniş əməkdaşlığın regional müstəvidə də nəqliyyat bağlantısını gücləndirəcəyinə və Avropa ilə Asiyanı birləşdirən müasir, effektiv və dayanıqlı nəqliyyat sisteminə töhfə verəcəyinə əminlik ifadə ediblər.