AZ

“Qarabağ” üzərində qələbəni Maradonaya həsr etmək istəyirik” - Konte

“Napoli”nin baş məşqçisi Antonio Konte bildirib ki, Çempionlar Liqasındakı “Qarabağ” üzərində qələbə əfsanəvi Dieqo Maradonanın vəfat ildönümündə onun xatirəsini anmağın ən yaxşı yolu olardı.

"Unikal" xəbər verir ki, italiyalı mütəxəssis bunu Neapolda keçirilən oyunöncəsi mətbuat konfransında deyib.

Konte qeyd edib ki, komanda A Seriyasında “Atalanta” üzərində 3:1 hesablı qələbədən sonra matça düzgün enerji ilə çıxacaq.

Onun sözlərinə görə, Azərbaycan təmsilçisi bu mövsüm Çempionlar Liqasının sürpriz komandalarından biridir və buna görə də neapollular maksimal diqqətli olmalıdırlar.

Məşqçi vurğulayıb ki, “Qarabağ” sürətli futbol oynayır, legionerlər yaxşı uyğunlaşıb və komanda yüksək intensivliklə oynayır. “Napoli” isə buna ilk dəqiqələrdən hazır olmalıdır.

“Bu oyuna lazım olan enerji ilə çıxırıq və yüksək səviyyədə futbol sərgiləmək istəyirik. Sabah Dieqo Maradonanın vəfatının ildönümüdür və qələbəni ona həsr etmək gözəl olardı”, - deyə Konte bildirib.

“Napoli” - “Qarabağ” oyunu 25 noyabrda Neapolda keçiriləcək və Bakı vaxtı ilə saat 23:59-da başlayacaq.

Seçilən
39
3
unikal.az

4Mənbələr