İncəsənət məktəb və mərkəzlərinə keçirilmiş müsabiqə nəticələrinə əsasən ehtiyat kadrlar siyahısına daxil edilmiş namizədlər üçün vakant müəllim yerlərinə seçim elan edilib.
SİA-nın məlumatına görə, Mədəniyyət Nazirliyindənbildirilib ki, pedaqoji kadrlara olan tələbatın qarşılanması məqsədilə 30 müəssisə üzrə ümumilikdə 36 vakant yer təqdim olunub.Namizədlər təqdim edilmiş vakansiyalar arasından öz seçimlərini noyabrın 24-dən 28-dək həyata keçirə bilərlər.
Vakant yerləri seçərkən test mərhələsində toplanılan bala uyğun olaraq aşağıdakı bölgü üzrə seçim etmək lazımdır:
49 bal və yuxarı nəticə göstərən namizədlər — bütün respublika üzrə vakant yerləri;
42 bal və yuxarı nəticə göstərən namizədlər — Bakı şəhəri istisna olmaqla, bütün respublika üzrə vakant yerlərləri;
35 bal və yuxarı nəticə göstərən namizədlər — Bakı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla digər bütün regionlar üzrə vakant yerləri seçə bilərlər.
Seçim prosesi “MyCulture” şəxsi kabineti vasitəsilə aparılır. Namizədlər sistemə daxil olaraq vakansiya seçimini təsdiqləməlidirlər.
Yerləşdirmə yalnız namizədin seçdiyi vakant yerlər arasından sistem tərəfindən təsadüfi qaydada müəyyən olunur. Bu səbəbdən seçim zamanı diqqətli olmaq vacibdir.