AZ

Təcrübəsiz məzunlar: “Praktika və laboratoriya çatışmazlığı ciddi problem yaradır”

Bəzi ali təhsil müəssisələrindən müəyyən ixtisasların geri alınması zəruridir. Hər bir universitetin müəyyən profili olmalı və yalnız o istiqamətdə fəaliyyət göstərməlidir.

Bu sözləri AzEdu.az-a təhsil eksperti Ramin Nurəliyev söyləyib.

Müsahibimiz qeyd edib ki, təcrübə proqramlarının formalaşdırılması və inkişaf etdirilməsi sahəsində problemlər var:

"Bizim ən böyük problemimiz əslində ali təhsil müəssisələrində kadr hazırlığıdır və bu sahədə ciddi çatışmazlıqlar mövcuddur. Bir neçə ali təhsil müəssisəsi istisna olmaqla, əksər universitetlərdə bu problem açıq şəkildə görünməkdədir. Ali təhsil müəssisələrinin əksəriyyətində müəyyən irəliləyişlər olsa da, kadr hazırlığı istiqamətində təəssüf ki, hələ də ciddi addımlar atılmayıb.

Xüsusilə təcrübə proqramlarının formalaşdırılması və inkişaf etdirilməsi sahəsində problemlər var. Tələbələrin universiteti bitirdikdən sonra əmək bazarına rahat şəkildə qoşula bilməməsinin əsas səbəblərindən biri də məhz budur. Beynəlxalq təcrübə ilə öz ali təhsil müəssisələrimizin təcrübi hazırlığını müqayisə etdikdə ciddi boşluqların olduğu görünür.

Avropada və inkişaf etmiş ölkələrdə hər hansı bir ixtisas açılarkən həmin ixtisas üzrə praktik mühit təmin olunur. Məsələn, maşın mühəndisliyi ixtisası açılırsa, tələbələr üçün mütləq laboratoriyalar, universitet daxilində kiçik istehsal sahələri yaradılır ki, məzunlar əmək bazarında rahat iş tapa bilsinlər. Eyni qayda digər ixtisaslara, kompüter yönümlü sahələrə, inşaat mühəndisliyinə və digərlərinə də aiddir".

Bir və ya iki semestrlik formal praktika yetərli deyil:

"Bugün bizim ali təhsil müəssisələrimizin əksəriyyətində kompüter laboratoriyaları belə yetərli deyil. Bir çox universitetlərdə təcrübə demək olar ki, yoxdur. Bəzi universitet rəhbərləri bir neçə dövlət qurumu ilə müqavilə bağlayır və tələbələri bir semestrlik formal təcrübəyə göndərməklə işi bitmiş sayırlar. Bu isə sovet dövründən qalma praktika anlayışından uzağa getmir.

Əgər biz Avropa təhsil modelini tətbiq etmək və təhsilimizi inkişaf etdirmək istəyiriksə, tələbələrə praktik bilikləri aşılamağı bacarmalıyıq. Tələbələrimiz Avropada magistratura oxuyanda burada aldıqqları təhsillə oradakı təcrübə arasında böyük fərq hiss edirlər və nəticədə geri qayıtmaq istəmirlər, çünki orada praktika əsl mənada tətbiq olunur.

İnşaat mühəndisliyi kimi sahələrdə bir neçə universitetdə ixtisas olsa da, tələbələr kifayət qədər praktika keçmir. Bir və ya iki semestrlik formal praktika bunun üçün yetərli deyil. Hətta bəzi hallarda praktika yalnız kağız üzərində göstərilir. Digər ixtisaslarda da vəziyyət oxşardır. Məsələn, müəllimlik ixtisasını bitirən məzun universiteti bitirdikdən sonra MİQ imtahanına hazırlaşmaq üçün kursa gedir. Mühasibatlıq ixtisasını bitirən biri isə mühasibatlıq və vergi proqramlarını öyrənmək üçün əlavə kurslara yazılır. Bu isə açıq şəkildə ali təhsil müəssisələrində tədrisin kifayət qədər səmərəli olmadığını göstərir".

İki mərtəbəli binalarda fəaliyyət göstərən özəl universitetlərdə bütün ixtisaslar mövcuddur:

"Əgər müəllimlik ixtisası bitirən bir tələbə universiteti bitirdikdən sonra MİQ imtahanına hazırlaşmadan iştirak edə bilmirsə, bu, pedaqoji təhsil verən ali təhsil müəssisələrinin ciddi şəkildə düşünməli olduğu bir məsələdir. Bu səbəbdən universitetlər qarşısında sərt öhdəliklər qoyulmalıdır. Əgər bir ali təhsil müəssisəsi açdığı ixtisas üzrə geniş təcrübə proqramları təmin etmirsə, laboratoriyaları yoxdursa və tələbələrə praktik bilik verə bilmirsə, həmin ixtisas həmin universitetə verilməməlidir.

Məsələn, Türkiyə universitetlərində tibb ixtisası açmaq üçün əvvəlcə universitet daxilində klinikanın olması tələb olunur. Klinika olmadan tibb ixtisası açmağa icazə verilmir. Bizdə isə bəzən iki mərtəbəli binalarda fəaliyyət göstərən özəl universitetlərdə bütün ixtisaslar mövcuddur. Bu cür ali təhsil müəssisələrinin tələbələri necə hazırladığı müəmmalıdır.

Buna görə də bəzi ali təhsil müəssisələrindən müəyyən ixtisasların geri alınması zəruridir. Hər bir universitetin müəyyən profili olmalı və yalnız o istiqamətdə fəaliyyət göstərməlidir. Əgər həmin universitet gələcək kadrların hazırlığını təmin etmirsə və məzunların əmək bazarında çətinlik yaşayacağı aydındırsa, o ixtisas həmin universitetə verilməməlidir.

Əgər bu mexanizm tətbiq olunsa, ali təhsil müəssisələri arasında sağlam rəqabət yaranar. Universitetlər bilsə ki, təcrübə proqramlarını və laboratoriyaları təmin etməsələr, növbəti il həmin ixtisası açmaq hüququnu itirəcəklər, bu zaman həm tədrisin keyfiyyəti artar, həm də gənclərimiz əmək bazarında daha hazırlıqlı olarlar".

Seçilən
44
azedu.az

1Mənbələr