AZ

Braziliyada Azərbaycanın şanlı Zəfərindən bəhs olunub

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 24 noyabr, AZƏRTAC

Braziliyada ölkəmizin Vətən müharibəsində qazandığı şanlı Zəfərin 5 illiyi münasibətilə tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Qurumun dəstəyi, braziliyalı jurnalist Fabiana Ceyhanın təşkilatçılığı ilə baş tutan tədbir hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Sonra Dövlət Komitəsinin sədri Fuad Muradovun şanlı Zəfərimiz münasibətilə tədbir iştirakçılarına ünvanladığı təbrik mesajı diqqətə çatdırılıb.

Komitənin şöbə müdiri Səlhət Abbasova çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı Qələbənin sülhün, ədalətin və həmrəyliyin rəmzi olduğunu vurğulayıb. O, həmçinin Komitənin dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın fəaliyyətinə göstərdiyi dəstəkdən, dostluq münasibətlərinin möhkəmləndirilməsi və milli-mədəni irsimizin tanıdılması istiqamətində həyata keçirilən layihələrdən söz açıb. Braziliyalı jurnalistlərə və ictimaiyyətin fəal nümayəndələrinə tədbirdə iştiraklarına görə təşəkkürünü bildirib.

Jurnalist Fabiana Ceyhan çıxışında Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfər edən ilk latın amerikalı media mənsubu olduğunu xüsusi vurğulayıb. Həmin torpaqlarda aparılan genişmiqyaslı yenidənqurma işlərindən bəhs edib.

Ölkəmizin Braziliyadakı səfirliyinin əməkdaşı Rafiq Rüstəmov bu ölkədə şanlı Zəfərimizə həsr olunan belə bir toplantının keçirilməsinin önəmindən danışıb.

Braziliyalı politoloq Joa Zimmer Xavier Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın azad edilməsinin tarixi əhəmiyyətinə diqqət çəkib. Bu Qələbənin uzun illər davam edən münaqişəyə son qoyduğunu vurğulayıb.

Tədbirdə Vətən müharibəsinin qəhrəmanlarının xatirəsinə həsr olunan “Dəmir Yumruq” filmi, eləcə də Azərbaycan mədəniyyətinin zənginliyinə dair videoçarxlar nümayiş etdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
44
2
azertag.az

3Mənbələr