AZ

"Hər kəsin haqqı gücü qədərdir..." - Yəhudilər niyə Spinozanı öz icmalarından qovmuşdular?

Spinoza "Etika" adlı kitabında arqumentlərini riyazi sübutlara bənzər bir şəkildə təqdim edir. Əsər müəyyən təyinlər və aksiomlarla başlayır və bu əsas məlumatlardan çıxış edərək Tanrı, təbiət, azadlıq və insan duyğuları kimi abstrakt anlayışları müzakirə edir. Məsələn, bir teorem sübut edildikdən sonra Spinoza Q.E.D. (latınca quod erat demonstrandum, yəni “sübut olundu ”) ifadəsini istifadə edir. Bu yanaşma onun fəlsəfi sisteminin nə qədər ardıcıl və dəqiq olduğunu vurğulayır.

Spinozanın Tanrı anlayışı ənənəvi dini baxışlardan kəskin fərqlənir və tez-tez panteizm kimi təsnif edilir. Ona görə, Tanrı təbiətdən ayrı bir varlıq deyil, əksinə təbiətin özüdür. Tanrı bütün varlığın təməlidir və hər şeyin eyni tözdən (substansiyadan) törədiyini müdafiə edir. Bu fikirlərini o, şah əsəri olan "Etika"da ən açıq şəkildə ifadə edir. Əsərdə Tanrı, bütün reallığın təməlində dayanan, özü-özünə yetən və varlığı üçün başqa heç bir şeyə ehtiyacı olmayan töz olaraq göstərilir.

Spinozaya görə, kainatda mövcud olan bütün şeylər bu tək tözün müxtəlif ifadələridir. Tanrı həm yaradıcı təbiət qüvvəsi (natura naturans), həm də yaradılmış təbiət (natura naturata) kimi nəzərdən keçirilir.

Başqa sözlə, Tanrı həm kainatın özü, həm də onun işləməsinin arxasındakı gücdür.

O, Tanrıya insani xüsusiyyətlər verməyi rədd edir. Tanrının iradəsi, duyğuları və ya insana bənzər şüuru yoxdur. İnsanların Tanrı haqqında antropomorfik anlayışlar irəli sürməsi yalnız onların məhdud qavrayışlarının bir əksidir.

Bu səbəbdən Spinoza ənənəvi dualist baxışları tənqid edir və Tanrı ilə təbiəti bir və eyni hesab edir.

Spinozanın bu radikal və orijinal yanaşması dini doqmalara meydan oxuyur, elmi, təbiəti və dini birləşdirir. Tanrını insani xüsusiyyətlərlə təsvir etməyərək onu təbiətin dəyişməz və əbədi qanunları ilə müəyyən edir.

Bu düşüncələr həm onun dövründə, həm də müasir elmi dünyada müzakirələrə səbəb olub. Bu təsirlənənlərdən biri də müasir fizikanın banilərindən Albert Eynşteyn olub. "Mən Spinozanın Tanrısına inanıram"- deyən Eynşteyn yaradıcı bir Tanrını deyil, təbiətlə eyniləşdirilən və kainatın dəyişməz qanunlarını təmsil edən bir Tanrını qəbul edirdi. Bu anlayış onun məşhur “Tanrı zər atmaz” sözündə də açıq şəkildə görünür. Eynşteyn kainatın işləməsində təsadüfə yer olmadığını düşünürdü. Buna görə də o, kvant mexanikasının təsadüfi təbiətinə şübhə ilə yanaşır və nəzəriyyəyə qarşı tənqidlərini tez-tez ifadə edirdi. Eynştein, Spinozanın Tanrı anlayışından ilham alaraq elmi işlərinə istiqamət vermişdi.

Seçilən
63
1
kulis.az

2Mənbələr