Noyabrın 20-də İordaniyada müxtəlif dövlətlərin silahlı qüvvələr və təhlükəsizlik orqanları arasında kibertəhlükəsizlik və tətbiqi kriptoqrafiya sahəsində ARMYTHON beynəlxalq kibertəhlükəsizlik müsabiqəsi keçirilib. 28 ölkədən 37 seçmə komandanın iştirak etdiyi ARMYTHON müsabiqəsi Avrasiya-Afrika regionunda ən nüfuzlu kibertəhlükəsizlik yarışması hesab olunur.
Hafta.az xəbər verir ki, yarışma zamanı iştirakçılardan mürəkkəb kiberhücum və kibermüdafiə ssenariləri, həmçinin tətbiqi kriptoqrafiya üzrə müasir çağrışlara uyğun tapşırıqların həlli sahəsində yüksək bilik, təcrübə və peşəkarlıq tələb edilir.
Azərbaycan beynəlxalq ARMYTHON müsabiqəsində 2 komanda ilə təmsil olunmuş və həmin komandalar yüksək nəticə əldə etmişlər. Onlardan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Milli Kibertəhlükəsizlik Mərkəzinin “Land of Fire” komandası beynəlxalq rəqiblər arasında xüsusilə fərqlənərək 2-ci yerə layiq görülüb. Azərbaycanın digər aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət “Iron Fist” yığma komandası isə 6-cı yerə yüksəlib.
Bu nailiyyət ölkəmizin kibertəhlükəsizlik potensialının nə dərəcədə artdığını və milli kadrlarmızın qlobal səviyyədə rəqabət qabiliyyətini bir daha təsdiqləyir.
