Elnurə Abuşova,
Ailə və Uşaqlara Sosial Dəstək İB-nin sədri
Türk Dövlətləri Təşkilatına sədrliyi növbəti mərhələ üçün qəbul edən Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq təşkilata üzv ölkələrin qeyri-hökumət təşkilatları bir araya gəlir. Bu gün Bakıda, “Gülüstan” sarayında başlayacaq Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu təkcə miqyasına görə deyil, həm də siyasi, diplomatik və ideoloji baxımdan region üçün yeni mərhələnin başlanğıcıdır.
Forumda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından 500-dən çox vətəndaş cəmiyyəti nümayəndəsinin iştirakı gözlənilir. Bu, indiyədək Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə təşkil olunan ən böyük tədbirdir.
Agentliyin təşkilati bacarığı çoxları üçün nümunəvi modeldir.
Bu irimiqyaslı tədbirin yüksək səviyyədə təşkili həm Agentliyin, həm də icraçı direktor Aygün Əliyevanın peşəkar idarəçilik qabiliyyətinin birbaşa nəticəsidir. Son iki ildə qurumun fəaliyyətində müşahidə olunan sistemlilik, strateji hədəflərin düzgün seçilməsi, beynəlxalq tərəfdaşlıq xəttinin genişləndirilməsi və Azərbaycan QHT-lərinin dünyaya inteqrasiya sürəti, sözün əsl mənasında, keyfiyyətcə yeni mərhələ yaradıb.
Aygün Əliyevanın rəhbərliyi ilə Agentlik Qlobal Cənub QHT Platformasının təsisini təmin edib, “İslam Səkkizliyi” – D8 ölkələrinin QHT-lərinin ilk görüşünü təşkil edib, Ermənistanla 44 günlük müharibədən sonra yaranan yeni reallıqları dünya QHT-lərinə təsirli şəkildə çatdıran çoxsaylı beynəlxalq platformalar formalaşdırıb, Azərbaycan QHT-lərinin qlobal arenada mövqelərini möhkəmləndirib.
Bu dinamika ilə bu gün keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu ilə daha geniş geosiyasi çərçivəyə daşındı.
Forumun gündəliyi Türk dünyasının strateji gələcəyinə əsaslanır.
Forum çərçivəsində iki mühüm panel müzakirəsi keçiriləcək:
1. “Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü”
Bu paneldə Zəngəzur dəhlizinin açılması ilə meydana çıxacaq yeni geoiqtisadi situasiya, Türk dünyasının qarşılıqlı inteqrasiyası və QHT-lərin bu proseslərdə oynaya biləcəyi rol geniş şəkildə təhlil ediləcək.
2. Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu
Azərbaycan-Türkiyə (2022), Azərbaycan-Özbəkistan (2023) və Özbəkistan-Azərbaycan (2024) ikitərəfli QHT forumlarının məntiqi davamı olaraq Qazaxıstanla ilk geniş əməkdaşlıq platforması yaradılır. Qarşıdakı illərdə Qırğızıstan, Macarıstan, Şimali Kipr Türk Cümhuriyyəti və Türkmənistanla da analoji forumların keçirilməsi planlaşdırılır.
Daha bir tarixi addım Naxçıvanda atılacaq. Türk dünyası QHT Platformasının təsisi baş turacaq. Belə ki, sabah forum öz işini böyük rəmzi məna daşıyan Naxçıvanda davam etdirəcək. 2009-cu il “Naxçıvan Sazişi” ilə tarixə düşən bu şəhərdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin vahid Platformasının təsisi gözlənilir. Platformaya sədrlik TDT-nin hazırkı sədri kimi Azərbaycana həvalə ediləcək.
Bu addım Türk dünyasının qeyri-hökumət sektorunda ilk dəfə institusional birlik, davamlı koordinasiya və ortaq strateji xəttin formalaşması deməkdir. Şübhəsiz ki, bunun əsas memarı da məhz Azərbaycanın təşəbbüskarlığı və Agentliyin sistemli təşkilatçılığıdır.
Forum çərçivəsində keçiriləcək “WUF13-ə doğru – Türk dünyasında ilk” panelində isə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi genişmiqyaslı bərpa-quruculuq modeli müzakirə olunacaq. Bu model artıq dünyanın müxtəlif post-münaqişə bölgələri üçün nümunə kimi qəbul olunur.
Əminəm ki, Qarabağ modeli postmünaqişə zonaları üçün nümunə olacaq.
Türk dünyası QHT-lərinin 2026-cı ildə Bakı şəhərində keçiriləcək Dünya Şəhərsalma Forumunda fəal iştirakı da xüsusi planlaşdırılır.
Bütün bunlar Azərbaycanın qlobal QHT xəritəsində lider mövqeyindən xəbər verir.
Son iki ildə Azərbaycan QHT-lərinin əldə etdiyi ən böyük uğur onların dünyaya açılmasıdır. Bu istiqamətdə ən böyük töhfəni isə Agentlik və onun icraçı direktoru Aygün Əliyeva verib. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Platformasının yaradılması Azərbaycanın regional liderlik statusunu bir daha təsdiqləyir və bunu qlobal miqyasda möhkəmləndirir.
Bu Forum yalnız bir tədbir deyil, Türk dünyasının vətəndaş cəmiyyətinin yeni epoxasının başlanğıcıdır.
Və bu epoxanın mərkəzində Azərbaycan dayanır.