"İmişli"nin baş məşqçisi Xorxe Kaşkilya Misli Premyer Liqasının 12-ci turu çərçivəsində “Neftçi"yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 2:3 hesabı ilə məğlub olduqları matçdan sonra bunları söyləyib:
“Oyunçularımı təbrik edirəm. Gözəl qalibiyyət oldu. Fantastik oyunumuzun nümunəsi idi. Bilirik ki, "Neftçi" böyük rəqibdir. Yaxşı hazırlaşmışdıq. Onların oyununa qarşı öz oyunumuzu ortaya qoya bildik. "Neftçi"nin taktikasının necə olacağını bilirdik, koridorlarda boşluq olacağını ehtimal edirdik. Bundan da istifadə edə bildik. Oyunumuz çətin başladı, qapımıza 10-cu dəqiqədə penalti təyin edildi. Amma oyunu bərabərləşdirə bildik. Hesabda geri düşsək də, komanda güclü xarakter, psixoloji hazırlığını göstərdi. "Neftçi" kimi böyük komandaya qarşı oyundan çox razı qaldım. "Neftçi"yə səfərdə qalib gəlmək böyük xarakter tələb edir. Xarakterimizi göstərərək oyunu qalib başa vurduq. "Neftçi"ni təbrik edirəm, yaxşı oyun göstərdilər. Onlardan daha üstün idik".
Oyundan qabaq həmişə futbolçularla danışanda, onları qalibiyyətə yönəldirik. Əgər rəqibimiz bizdən daha güclü oyun göstərəcəksə, məqsəd uduzmamaqdır. "İmişli" üçün hər bir xal qazancdır. Üç xal fantastik nəticədir. Futbolçulara hər oyundan qabaq qalib gəlmək mentaliteti yönəldilir.
Bizə mövsümün əvvəlində yeni komanda qurmaq üçün böyük iş lazım idi. Komanda I Liqadan gəlmişdi, hazır deyildi. Onda tam fərqli "İmişli" idi. Artıq 4 ay keçib və komanda öz oyununu tapıb. "Neftçi" ilk komanda deyil ki, biz 3 qol vururuq. İndi "İmişli"nin məqsədləri daha yüksəkdir. Qol vurmaq və hücumameyilli oyun göstərmək niyyətimiz var.
Qışda oyunçu almaq daha çətin olur. Adətən də bizim kimi komanda üçün. Biz "Qarabağ", "Neftçi" səviyyəsində deyilik ki, bahalı oyunçuları ala bilək. Bu barədə düşüncələr yoxdur. Avrokuboklar filan, hətta dördlüyü də düşünmürük. Yeni yaranmış komandayıq. Əsas məsələ odur ki, stabilliyi qoruyaq və potensialımızı ortaya qoyaq. Texniki heyət, məşqçilər oyunçuların maksimum səviyyəsini qaldırmağa çalışırlar. Məqsədimiz odur ki, bu mövsüm Premyer Liqada stabil komanda olaq. Ona görə də, qışda oyunçu almaq barədə düşüncələr yoxdur. Hazırkı komandanı maksimum səviyyəyə çıxarmaq istəyirik.
Biz oyunçularımızı hər matçdan qabaq qələbəyə hazırlayırıq. Hər matçda qalib gəlmək istəyirik. Favorit "Sabah"dır. Onlar görür ki, biz "Neftçi"ni uda biliriksə, daha da diqqətli hazırlaşacaqlar. Böyük komandaların məqsədləri kuboku qazanmaq, Avropaya getməkdir. Bizim məqsədimiz oyundan-oyuna növbəti görüşü düşünməkdir”.