Avropa Komissiyası bildirib ki, İsveç hökuməti canavarların referent populyasiyasını 300-dən 170 fərdə endirməklə təbii yaşayış yerlərinin, eləcə də vəhşi fauna və floranın qorunması haqqında Aİ Şurası Direktivini pozur.
AZƏRTAC xəbər verir ki, Avropa Komissiyasının fikrincə, bu qərar elmi dəlillərə əsaslanmır və populyasiyanın ən azı iki dəfə çox olması lazım olduğunu bildirən İsveç Təbiəti Mühafizə Agentliyinin nəticələri ilə ziddiyyət təşkil edir.
Bundan əlavə, Brüssel qeyd edib ki, hökumət yeni hədəfi elmi təhlil başa çatmamış elan edib və bu, proseduru pozur.
Kənd rayonları naziri Peter Kullqren bildirib ki, İsveç Avropa Komissiyasının iradlarını nəzərdən keçirəcək və cavab hazırlayacaq. O, hakimiyyət orqanlarının bu növün əlverişli statusunu qorumağa çalışdığını, eyni zamanda canavarların yaratdığı problemlərlə bağlı sosial-iqtisadi nəticələri də nəzərə almalı olduğunu vurğulayıb.