AZ

Bu şəxslər dövlət hesabına təhsil alacaqlar - Ekspertdən AÇIQLAMA...


Gələn il əlilliyi olan, valideyn himayəsindən məhrum olmuş, şəhid ailələri və müharibə veteranı statusu almış güzəştli kateqoriyaya aid olan 18,5 min tələbənin təhsil və təqaüd xərcləri üçün 42 milyon manat vəsait proqnozlaşdırılıb.

"Master of Sciance" Təhsil Mərkəzinin direktoru, təhsil eksperti Rizvan Fikrətoğlu da "Bakı-Xəbər"-ə açıqlamasında bildirib ki, gələn ilin dövlət büdcəsindən sosial həssas qruplara aid tələbələrin təhsil haqları və təqaüdləri üçün 42 milyon manat vəsaitin ayrılması planlaşdırılır və bu, doğru və təsdiqlənmiş məlumatdır:

"Sözügedən mexanizm güzəştli kateqoriyaya daxil olan əhali qrupunu əhatə edir. Buraya əlilliyi olan tələbələr, valideyn himayəsindən məhrum olmuş gənclər, şəhid ailələrindən olan tələbələr, həmçinin müharibə və veteran statusu almış şəxslərin övladları daxildir. Ümumilikdə 18–20 min tələbənin təhsil xərclərinin dövlət tərəfindən qarşılanması və təqaüd təminatının həmin məbləğ hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. Bildiyiniz kimi, bəzi əhali qrupları ödənişli əsaslarla qəbul olunsa da, ödənişsiz təhsil alma imkanı əldə edirlər".

Ekspert bildirib ki, bu kateqoriyaya birinci və ikinci dərəcə əlilliyi olan şəxslər, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər daxildir:

"Onların təhsil haqqı tam şəkildə dövlət tərəfindən ödənilir. Habelə valideyn himayəsindən məhrum olmuş uşaqlar, dövlət uşaq müəssisələrində böyümüş, himayədarlıq və ya qəyyumluqda olan şəxslər həm təhsil haqqından azaddır, həm də sosial təqaüd ala bilirlər. Şəhid ailələrinin üzvləri, şəhidin övladları və həyat yoldaşı tələbədirsə, onlar da həm təhsil haqqından azad olunur, həm də əlavə təqaüd əldə edirlər. Eyni güzəştlər müharibə veteranı statusu daşıyan şəxslərin övladlarına da şamil edilir".

Ekspert tələbələrin bura necə müraciət edəcəyini də qeyd edib:

"Bəzən bu sual tez-tez ortaya çıxır. Əslində, proses tam avtomatlaşdırılıb. Tələbənin statusu, məsələn, şəhid ailəsi olması, əlillik dərəcəsi və ya digər kateqoriyalar “DOST”, “ASAN xidmət” və digər dövlət elektron bazaları vasitəsilə avtomatik yoxlanılır. Universitetlər bu məlumatı birbaşa həmin bazalardan əldə edir. Tələbə qəbul zamanı portalda qeydiyyatdan keçərkən öz statusunu düzgün qeyd etməlidir. Buraya məcburi köçkün statusu da daxildir. Tələbə müvafiq sənədi sistemə yüklədikdən sonra universitet elektron sorğu göndərir və həmin bazalar vasitəsilə tələbənin güzəşt hüququnun olub-olmadığı təsdiqlənir".

Onun sözlərinə görə, bu siyasətin məqsədi sosial həssas qrupdan olan tələbələrin təhsildən kənarda qalmamasını təmin etmək və təhsildə bərabər imkanlar yaratmaqdır.

Röyalə Xəyal

Seçilən
32
baki-xeber.com

1Mənbələr