AZ

Gəlinliklər geyimdən çox erotik təbliğat üsuluna çevrilib - biabırçılıqdır...


Son vaxtlar “geyim əxlaq ölçüsü deyil” deyənlərə, “casarətli geyimləri” təbliğ edənlərlə çox təsadüf edirik. Açıq-saçıq geyinənlərin sayının günü-gündən artması cəmiyyətdə bir cür, “cəsarətli gəlin geyimi” modellərinin yerli bazarı zəbt etməsi də başqa cür narahatlıq, narazılıq yaradır.

Bakıda və bölgələrdə gəlinlik satışı və kirayəsi ilə məşğul olan kifayət qədər mağazalar, mərkəzlər fəaliyyət göstərir. Bölgələri deyə bilmərik, amma Bakıdakı mağazaların, ticarət mərkəzlərinin böyük əksəriyyətində satışda olan və kirayəyə verilən gəlinlik modellərinin həddindən artıq açıq-saçıq olduğu heç kimə sirr deyil. Mağazalardakı və icarə yerlərindəki gəlinliklərin açıq-saçıq olması insanları ciddi narahat edir. Xüsusən də milli ənənələrimizə bağlı olan insanlar deyirlər ki, gəlinlik və nişan paltarlarının kirayəyə məkanlara getməyə adam utanır, hətta oralara ailə ilə getmək olmur. Çünki burada gəlinliklərin hamısı həddən ziyadə açıq modeldə tikilib.

Azərbaycan toyunun qəhrəmanı bəylə gəlindir, gəlinin isə ən vacib göstəricisi onun geyimidir, onu fərqləndirən, zinyətləndirən geyim. Ölkəmizdə bir qayda olaraq əsasən qapalı, milli toy geyim ənənələrimizdən gələn gəlinliklərə üstünlük verilirdi. Gəlinlərin nəinki boynunu, çiynini, qolunu, sinəsini görmək olurdu, hətta üzləri duvaqlı olduğundan sifətlərini belə görmək mümkün olmurdu, hər kəs gəlinin necə olduğu ilə maraqlanırdı. İndi isə satış və icrarə mərkəzləri “müasirlikdir” deyib gəlinləri açıq-saçıq geydirməyi qarşılarına məqsəd qoyublar. Sanki dünyada yalnız açıq-saçıq gəlinliklər istehsal olunurmuş, qapalı geyimlər yox imiş. Vətəndaşlarımız deyirlər ki, gəlinlik biznesi ilə məşğul olanlar məqsədli şəkildə bu cür gəlinlikləri ölkəmizə ixrac edir, bu geyimlərə ehtiyacı olanlara başqa seçənək qoymurlar. Bir sözlə, onlar bu gün gəlinliklər geyməyə məcbur edilirlər. Oğluna toy etməyə hazırlaşan Mehriban Nəsirova bizimlə söhbətində bildirdi ki, gəlininə nə normal, yəni açıq-saçıq olmayan nişan, nə də gəlinlik paltarı tapa bilib, bütün modellər açıq-saçıqdır, bu da onların ailə prinsiplərinə uyğun deyil. M.Nəsirova deyir ki, bu geyimləri ölkəyə gətirib bazara çıxanlar bilərəkdən, ya bilməyərəkdən əxlaqsızlığı təbliğ edirlər. Geyimin əxlaq ölçülərindən biri olduğunu deyən müsahibimiz qeyd etdi ki, o nişan paltarını götürüb və açıq hissəslərini bağlamasl üçün dərziyə verib, dərzi paltarı düzəldəndən sonra isə gəlini geyinib: “Bir dənə normal gəlinlik yoxdur, hamısı açıq-saçıqdır. Baxırsız, toylarda gəlinlərin çoxu açıq-saçıq geyinir, camaat bilmir toya baxısn, yoxsa gəlinin çöldə qalan bədənini görsün. Gəlinin bədənini bəylə yanaşı camaat da görür. Ayıbdı. Bunlar nəyi təbliğ edir?Unutmayaq, geyim həm mədəniyyətin, həm də əxlaqın ölçüsüdür”.

Gəlin köçən qıza normal gəlinlik tapmaq niyə mümkün deyil? Açıq-saçıq gəlinliklərin bazarları zəbt etməsinin səbəbi nədir?

Mətanət Məmmədova: “İnsanlar mağazalarda normal nişan paltarı və gəlinlik tapa bilmirlər”

Ekspertlərə görə, əslində bu, mədəniyyətimizə, mənəviyyatımıza, toy ənənələrimizə qarşı yönəlib. Tanınmış jurnalist Mətanət Məmmədova: “Etiraf edək ki, biz dəyərlərimizə sahib çıxa bilmədik. Qeyri-rəsmi institutlar ailə və milli dəyərlərimizi məhv etmək üçün illərdir ki, işləyir. Nəticəsi isə göz qabağındadır. Elə dərin dekoloteli nişan paltarı və gəlinliklərin bazara yol tapması da bu institutların dəyərlərimizə çaldığı baltalardan biridir.

Artıq hazırda bazarda demək olar ki, normal gəlinlik yoxdur. Təbii ki, bu da narazılığa səbəb olacaq. Çünki gəlinliyin açıq-saçıq olmasını istəməyən yüzlələ ailə var. Lakin bu da faktdır ki, bazar təlabata görə formalaşır. Deməli, dərin dekoliteli gəlinliklər daha çox alınır ki, insanlar mağazalarda normal nişan paltarı və gəlinlik tapa bilmirlər.

Son vaxtlar toylarda tez-tez gəlinlərin əynində dərin dekolteli gəlinliklərlə qarşılaşırıq. Bəzi “müasir” qızların düşüncəsinə görə, açıq-saçıq geyinmək zəngin, ədalı görünmək, moda ilə ayaqlaşmaq deməkdir. Məhz buna görə də açıq-saçıq gəlinlik seçimi gündən-günə çoxalır və bazar da buna ayaq uydurmağa çalışır.

Əslində bu məsələdə günahkar böyüklərdir. Belə çıxır ki, valideyn qızına söz keçirə bilmir. Söz keçirə bilmədikcə də bu kimi hallar baş alıb gedir. Qızların məhrəm yerləri toy boyunca yüzlərlə insanın gözü qarşısında qalır. Hələ milli dəyərlərimizə aidiyyatı olmayan diskoteka saatında isə hoppanıb-düşən qızların dekolitesi bir qədər də aşağı enir və biabırçı bir vəziyyət yaranır.

Biz o xalqıq ki, qızlarımız evimidən əsrlər boyu üzü bağlı-yəni fatanın üstündən üzə doğru salınan kəlağayı və yaxud qırmızı rəngli yaylıqda çıxıb, bu yaylıq gəlin getdiyi evdə həyat yoldaşı tərəfindən qaldırılıb, yəni gəlinin ilk dəfə üzünü görən onun evləndiyi adam olub. Bunun özünün böyük mənası var. Ailə qurmaq yeni bir mərhələnin başlanğıcıdır. O nə qədər təmiz, saf dəyərlərə əsaslansa, ailə bir o qədər uzunömürlü olar, deyirdilər. Həm də o vaxtlar qızlar indiki kimi qaş-üzlərini aldırmırdılar. Bu, ilk dəfə toy günü olurdu. Gəlinin üzünə o qədər gözəllik gəlirdi ki, onu kimsənin görməsi məsləhət bilinmirdi. Çünki gəlini bəd nəzərlərdən qorunmağa çalışırdılar.

Təəssüf ki, o təmiz, pak, təmiz əməllərdən günümüzə çox az bir şeylər gəlib çıxıb. Düzdür, dövr dəyişir, müasirləşir. Lakin bu, nədə olsa da, geyimdə, xüsusilə gəlinlikldə olmamalıdır. Bu xalqın dəyərləri var. Biz özümüzə “ayıbdır” deməyi bacaraq. Çünki məhrəmiyyət özü ayrılıqda bizim böyük bir dəyər sistemimizdir. Belə geyimlərlə biz məhrəmiyyətimizi itiririk. Azərbaycanlı kişi qadınının məhrəm yerlərini hər kəsin görməsini necə özünə rəva bilir? Yoxsa biz artıq namusumuzu da itirməyə bağlayırıq? Bax, görünən mənzərələr bu suallara da cavab axtarır”.

Şəlalə Maqsudova: “Son zamanlar toylarımızda gəlinlərin geyindiyi geyimlər həddən artıq açıq-saçığlığı ilə fərqlənir”

Rəssam, dizayner, modelyer Şəlalə Maqsudova: “Azərbaycanın milli mənəviyyatını əks etdirən ən öndə gedən hadisələrdən biri də toylarımızdır. Hər bir xanımın arzusudur ki, ata evindən ər evinə gözəl ag geyimdə, gözəl görünərək, yadda qalan şəkildə cıxsın.

Azərbaycanda toy adət ənənələri gözəl dəyərləri ilə fərqlənib. Bu dəyərlərin sırasına gəlin geyimi də daxildir. Amma təəssüflə söyləmək istərdim ki, son illərdə bizim dəyərlərimiz dediyimiz ag gəlinliklər tamamilə başqa səmtə yönəldilib. Əvvəllər ata evindən cıxan gəlin belə başında örtüklə cıxardı və onun üzünü görmək olmazdı. Mənim fikrimcə, bu geridə qalmışlıq demək deyil. Son zamanlar toylarımızda gəlinlərin geyindiyi geyimlər həddən artıq açıq-saçığlığı ilə fərqlənir. Bu da ən cox da Bakı, Gəncə kimi iri şəhərlərimizdə özünü daha qabarıq şəkildə göstərir. Sanki xanımlar da daha açıq-saçıq geyim seçməkdə reqabətdədilər. Qarşı tərəf - qaynana buna qarşı çıxsa da belə.

Məni bu fikrimə görə xanımlar qınaya bilərlər... amma bu köhnə fikirli olduguma dəlalət etmir”.

Lalə Mehralı: “Çox insanlar daha çox açıq geyinməyi, dekolteni “müasirlik” bilir...”

Sağlam Cəmiyyət Hərəkatının eksperti Lalə Mehralı: “Əslində, açıq-saçıq gəlinlik modelinin çeşidlərinin bol olması bir az da tələbatdan yarandı. Çünki çox insanlar daha çox açıq geyinməyi, dekolteni “müasirlik” bilirlər.

Dünyanın bir çox ölkələrində zadəganların, elit təbəqələrin, məşhur simaların, kral ailələrinin gəlinlərin geydiyi gəlinliklərlə bizim gəlinlərin geydikləri gəlinlikləri müqayisə etsək hər şey orta olar. Dediyimiz ailələrdə heç kimi o açıq-saçıqlıqda gəlinlik geyinmir. Çünki açıq-saçıq geyimlərin ucuz, dəyərsiz olduğunu yaxşı bilirlər. Gəlin obrazı bizim milli düşüncəmizdə necədir? Bu, hər şeyin ən saf halının, bütün yaxşı xüsusiyyətlərin təcəssüm etdiyi obrazıdır. Biz o obrazı elə toy günündə geydiyimiz gəlinliklə ləkələyirik. Bütün mərhəm yerlər, sinə, çiyin, göbək çöldə olur. Elə mərhəmliklər var ki, onu özümüzdən və həyat yoldaşımızdan başqa heç kəs görməməlidir, amma indi 400-500 nəfərlik toy salonunda onu hamı görür. Düzdür, hazırda bazardakı gəlinlik modellərinin əksəriyyəti də açıq modeldir. Amma qapalı modellər də var. Çox təəssüf ki, insanların seçimi çox vaxt onlardan yana olmur. Onlar elə zənn edirlər ki, nə qədər qapalı geyim olarsa bir o qədər gerdə qalmışlıq, bir o qədər köhnəlik, bir o qədər də müasirliyə zidd olar. Amma elə deyil. Açıq geyinmək müasirlik deyil. Bizdə orta statistik ailələr adətən gəlinlikləri kirayə götürülür. Əgər tikdirmək, yaxud sifarişlə gətirtmək imkanları olsaydı əksər gəlinlər qapalı geyimə üstünlük verərdilər. O da baha başa gəldiyi üçün bazarda olanlardan istifadə etməyə məcbur olurlar. Amma axtaranda qapalı geyimlər tapmaq olur...”

Fərqanə Mehmanqızı: “Modaçılarımız milli elementlərə uyğun bir gəlinlik modeli hazırlasa və bunu elita dediyimiz təbəqə geyinsə...”

Psixoloq Fərqanə Mehmanqızı: “Ümumiyyətlə “normal” sözü insan aspektinə, həyati baxışa, psixoloji dəyərlərə görə dəyişir. Xüsusilə də geyimdə. Gəlinlik geyimlərinin bir tendensiyası var, toyu olan qızlar buna uyğmağa çalışırlar. Açıq-açıq geyim həyata baxışdan, geyim tərzindən aslıqdır. Bu insanın həyat baxışına bağlıdır. Əgər bir insan normalda da elə geyinirsə zatən gəlinliyini də açıq-saçıq götürəcək. Onlar diqqət cəlb etmək üçün belə edirlər. Bir də bu zövq məsələsidir. Bu gün zövqlərimiz moda tərəfindən meylləndirilir, idarə olunur. Bu da gəlinliyə də, ofis geyiminə də aiddir. Kim milli mənəvi dəyərlər, mental dediyimiz dəyərlərə uyğundursa onlar açıq geyinmir. Kim də ki, o dəyərlər içində özünə dəyər qazanırsa ona uyğun da geyinir. Düşünmürəm ki, kimsə bilərəkdən bunu edir. Bizim modaçılarımız milli elementlərə uyğun bir gəlinlik modeli hazırlasa və bunu elita dediyimiz təbəqə geyinsə, təbii ki, kütləvi olaraq hamı geyinər”.

Məsələ ilə bağlı rəyini öyrəndiyimiz müxtəlif peşə sahiblərinin fikirlərindən belə qənaətə gəldik ki, biz bu məsələdə də milli dəyərlərimizə, geyim mədəniyyətimizə sahib çıxmalıyıq və gəlinlərimiz açıq-saçıq deyil, qapalı geyinməklə daha çox öz obrazlarını parlaqlaşdıra bilərlər.

İradə SARIYEVA

Seçilən
4
baki-xeber.com

1Mənbələr