AZ

Deputat hökumət qarşısında bu məsələləri qaldırdı

Deputat Azər Allahverənov Milli Məclisin plenar iclasındakı büdcə müzakirələrində çıxış edərkən bildirib ki, biz olduqca vacib, strateji əhəmiyyət daşıyan bir sənədin müzakirəsini həyata keçiririk.

Musavat.com bu barədə bildirir. “Əminəm ki, burada qaldırdığımız bütün məsələlər gələcəkdə büdcə çərçivəsində öz həllini tapacaq, onların daha uğurlu şəkildə icrası təmin olunacaq”, deputat deyib. Bildirib ki, müzakirəyə təqdim olunan sənəd bir çox parametrlərinə görə olduqca mühümdür: “Çünki həm nəzərdə tutulan xərclərin bir çox müddəalar üzrə əvvəlki il ilə müqayisədə artırılması, həm də büdcənin əsas istiqamətlərini əhatə edən vacib sütunların daha qabarıq şəkildə göstərilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Xüsusilə, ölkə əhalisinin sosial rifahını yaxşılaşdırılması, müdafiə və təhlükəsizlik sistemini gücləndirilməsi, eyni zamanda strateji əhəmiyyət daşıyan “Böyük Qayıdış” proqramının uğurlu icrasının təmin olunması baxımından bu sənəd mühüm rolu oynayacaq”.

Bununla yanaşı, deputat hökumət nümayəndələrinin iclasda iştirakından istifadə edərək, seçiciləri tərəfindən ünvanlanan və təkrar-təkrar qaldırılan bir neçə məsələni də diqqətə çatdırmaq istədiyini bildirdi:

“Yeri gəlmişkən, ötən il bu tribunadan səsləndirdiyim bəzi məsələlər sonradan öz həllini tapdı və bu münasibətlə bir daha təşəkkürümü bildirirəm. Ənənəvi olaraq, bu dəfə də səhiyyə və gənclər siyasəti sahəsi ilə bir neçə vacib məsələyə toxunmaq istəyirəm. Düşünürəm ki, bu məsələlər də vətəndaşlarımız üçün son dərəcə aktualdır və onların həlli birbaşa olaraq seçicilərimizin maraqlarına cavab verir. İlk növbədə səhiyyə məsələsi ilə bağlı qeyd etmək istəyirəm ki, Zabrat qəsəbəsində yerləşən 21 saylı şəhər poliklinikası uzun illərdir istismarı olunur və bu binanın bu gün əsaslı təmirə ehtiyacı var. Mən bu müddət ərzində dəfələrlə həmin müəssisədə olmuşam və görürəm ki, mövcud şərait tibbi xidmətlərin lazımi səviyyədə göstərilməsinə imkan vermir. Əhali bu səbəbdən müəyyən çətinliklərlə üzləşir və nəticə etibarilə yüksək səviyyəli tibb xidmət almaq üçün digər müəssisələrə üz tuturlar. Digər məsələ Nardaran Sağlamlıq Mərkəzi ilə bağlıdır. Mərkəzin iki korpusu mövcuddur və onlardan biri əsaslı təmirə ciddi ehtiyac duyur. Həmin korpusun yenilənməsi, xüsusilə rentgen kabinetinin istifadəyə verilməsi tibbi xidmətlərin səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldə bilər.

Kürdəxanı qəsəbəsi ilə bağlı da bir neçə məsələni diqqətə çatdırmaq istərdim. Bildiyiniz kimi, həm Zabrat, yeri gəlmişkən, həm də Kürdəxanı qəsəbələrində idman meydançaları yoxdur. Biz dəfələrlə gənclərimizin sağlam mühitdə böyüməsinin vacibliyini vurğulamışıq. Təəssüf ki, bu iki qəsəbədə idman infrastrukturu kifayət qədər zəifdir.

Xüsusilə qeyd edim ki, Kürdəxanıda diqqətədən kənarda qalan bir futbol məktəbi fəaliyyət göstərir. Əgər həmin məktəb üçün zəruri infrastruktur və şərait yarada biləriksə, ola bilsin ki, gələcəkdə məhz həmin bu məktəbdə peşəkar futbolçuların yetişdirilməsinə nail ola biləcəyik. Eyni zamanda Pirşağı qəsəbəsində yerləşən Mədəniyyət evi haqqında da demək istəyirəm ki, bu bina səhv etmirəmsə, 2008-ci ildə əsaslı təmir olunub. Artıq yenidən əsaslı təmirə ehtiyac duyulur. Nəzərə alsaq ki, Pirşağı sakinlərinin asudə vaxtlarını səmərəli keçirmələri üçün imkanlar bu gün çox məhduddur, həmin Mədəniyyət Evinin təmir olunduqdan sonra onların istifadəyə verilməsi bu sahədə boşluğu bir qəqər doldurmuş olacaq”.

E.Paşasoy,
Musavat.com

Seçilən
40
musavat.com

1Mənbələr